Azərbaycanın quru sərhədləri açacağı tarix barədə açıqlama…
“Aprel ayında quru sərhədlərin ya qismən, ya da tam açılması mümkün ola bilər”.
Bu barədə Milli Məclisin deputatı Musa Quliyev məlumat verib.
O, qeyd edib ki, quru sərhədlərin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir:
“Koronavirus pandemiyası dünyada yavaş-yavaş sona yetmək üzrədir. Azərbaycanda da bütün statistik göstəricilər yaxşıdır, epidemioloji situasiya gündən-günə yaxşılaşır. Bu səbəbdən məhdudiyyətlər də aradan qaldırılır. Mənim məlumatıma görə, quru sərhədlərinin açılması ilə bağlı hökumətdə məsləhətləşmələr gedir. Yəqin ki, aprel ayında quru sərhədlərinin ya qismən, ya tam açılması mümkün olacaq”.
Məsələ ilə bağlı fikir bildirən digər deputat Rüfət Quliyev qeyd edib ki, quru sərhədlərinin açılması zamanı proses mərhələ-mərhələ baş tutacaq:
“Quru sərhədlərinin açılması üçün təkcə 5 günün, 10 günün, bir ayın koronavirus nəticələri kifayət deyil. Bununla mütəmadi olaraq məşğul olmaq lazımdır. Operativ Qərargah bu məsələ ilə məşğuldur. Əgər bu sərhədlər, Allahın köməyi ilə açılacaqsa, qərar verildikdən sonra onlar birdəfəlik deyil, mərhələ-mərhələ açılacaq”.
Deputatın sözlərinə görə, sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər:
“Biz Operativ Qərargahın səyləri nəticəsində xəstliyin qarşısını kifayət qədər aldıq. Yeni yoluxmalar heç yüzə gəlib çatmır. Sərhədlər birdəfəlik açılsa, bu böyük bir fəlakətə gətirib çıxara bilər. Ona görə də darıxmayaq, biz Operativ Qərargaha inanaq. Orada hansı məsləhət olunsa, o qərar də veriləcək”, – deyə R. Quliyev bildirib.