ABŞ prezidenti Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib
ABŞ Prezidenti Cozef Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib.
Bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken açıqlama verib.
Belə ki, C.Bayden Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığı barədə məlumatlandırıb.
E.Blinken Azərbaycana hərbi yardımın Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı danışıqlara mane olmayacağını və ya Ermənistana qarşı istifadə edilməyəcəyini deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqtonun yardımı ABŞ-ın beynəlxalq terrorizmə qarşı səylərini, habelə ABŞ Silahlı Qüvvələrinin və ya koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmə qarşı mübarizə əməliyyatlarına hazırlığını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, ABŞ-ın köməyi Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir.
Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib.
O vaxt vitse-prezident olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.