Marneulidə keçirilən seçkilərdə azərbaycanlı namizəd qalib gəlib
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə keçirilən seçkilərdə azərbaycanlı namizəd Zaur Darğallı qalib gəlib.
AZƏRTAC Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) istinadla xəbər verir ki, rayon üzrə 90 seçki məntəqəsinin 81-nin nəticələrinə görə, Zaur Darğallı səslərin 78,8 faizini qazanaraq Marneuli Rayon İcra Hakimiyyətinin başçısı seçilib.
Z.Darğallı bu seçkilərdə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının namizədi olaraq iştirak edib.
MSK-nın məlumatına görə, digər azərbaycanlı namizədlər, müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Aqil Mustafayev 11,06 faiz, müxalif “Avropalı Gürcüstan” partiyasının namizədi Əhməd İmamquliyev 7,73 faiz, müstəqil namizəd Əli Bədirov isə 1,21 faiz səs toplayıb.
Qeyd edək ki, ötən gün Marneulidə keçirilmiş seçkilərdə rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb.
Onlardan 4-ü azərbaycanlı, qalanı isə gürcülər olub.
Rayonda seçici fəallığı 36 faizə yaxın olub.
Məlumat üçün qeyd edək ki, Zaur Darğallı bu vəzifəyə seçilənədək Kvemo Kartli bölgə qubernatorunun müavini olub.