Gürcüstanın Baş naziri İrakli Kobaxidze Parisdə Beynəlxalq Kosmos Sammitində iştirak edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə keçirilən ilk Beynəlxalq Kosmos Sammitində iştirak edib.

Dalğatv xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.

Sammit çərçivəsində kosmosun təhlükəsizliyinə dair üç bəyannamə qəbul edilib. Gürcüstan da sözügedən sənədlərə qoşulub.

İrakli Kobaxidze bildirib ki, Gürcüstan Avropa tərəfdaşları ilə birlikdə kosmos sahəsində müvafiq qərarların qəbul edilməsi prosesində iştirakını davam etdirəcək.

“Kiçik ölkə olaraq bu istiqamətdə resurslarımız məhduddur, lakin biz qərarların qəbul edilməsi prosesinin bir hissəsiyik. Müxtəlif beynəlxalq platformalarda müvafiq qərarların qəbulunda iştirak edirik. Buna görə də mövqeyimiz avropalı tərəfdaşlarımız üçün əhəmiyyətlidir. Biz kosmosun təhlükəsizliyi ilə bağlı üç müxtəlif bəyannaməyə qoşulduq. Gələcəkdə də bu məsələlər üzrə Avropadakı həmkarlarımızla sıx tərəfdaşlığı davam etdirəcəyik”, – deyə Baş nazir qeyd edib.

Sammitin açılışında çıxış edən Fransa Prezidenti Emmanuel Makron Avropanın kosmik sənayesinin imkanlarından danışıb. O bildirib ki, Avropa xüsusilə peyk rabitəsi, müdafiə və təhlükəsizlik sahələrində kosmosda strateji müstəqilliyini və suverenliyini təmin etməlidir.

Fransa Prezidentinin sözlərinə görə, kosmik infrastruktur hazırda dövlətlərin təhlükəsizliyi və strateji muxtariyyəti ilə birbaşa bağlıdır. Bu baxımdan sammitin əsas müzakirə mövzuları sırasında kosmik iqtisadiyyat, elm, tədqiqat və təhlükəsizlik məsələləri yer alıb.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də sammitin açılışında çıxış edib. O vurğulayıb ki, kosmos artıq yalnız elm və tədqiqat sahəsi deyil, eyni zamanda Avropanın iqtisadi gücünün, təhlükəsizliyinin və suverenliyinin mühüm tərkib hissəsidir.

Sammitdə 90 ölkə və beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən dövlət və hökumət başçıları, həmçinin aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey