Tramp müttəfiqləri Hörmüz boğazının qorunmasına çağırıb
ABŞ prezidenti Donald Tramp müttəfiq ölkələrə müraciət edərək Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında iştirak etməyə çağırıb.
Dalğatv xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda yerləşən John F. Kennedy Center for the Performing Arts-da keçirilən tədbirdə çıxışı zamanı danışıb.
ABŞ prezidenti bildirib ki, Vaşinqton bu istiqamətdə müttəfiqlərin dəstəyinə ümid edir:
“Boğazla bağlı müttəfiqlərimizin bizə kömək etməsini istəyirik. Bir çox ölkə artıq bu prosesə qoşulmağa hazır olduğunu bildirib. Bəziləri daha fəaldır, digərləri isə daha az maraq göstərir. Uzun illərdir təhlükəsizliyini təmin etdiyimiz bəzi ölkələrin isə kifayət qədər təşəbbüs göstərməməsi diqqət çəkir”, – deyə o qeyd edib.
Tramp əlavə edib ki, indiyədək İranda 7 mindən çox hədəfə zərbələr endirildiyini iddia edir və bu hədəflərin əsasən hərbi və kommersiya obyektləri olduğunu bildirib.
Bu arada İranın xarici işlər naziri Abbas Əraqçı Hörmüz boğazı ilə bağlı fərqli mövqe ortaya qoyub. O bildirib ki, boğaz yalnız ABŞ, İsrail və onların müttəfiqlərinə aid gəmilər üçün bağlı hesab olunur.
“Bizim mövqeyimiz aydındır: bu məhdudiyyət yalnız ölkəmizə qarşı təcavüz edən qüvvələrə və onların müttəfiqlərinə şamil olunur. Münaqişə elə başa çatmalıdır ki, İranın əleyhdarları gələcəkdə bu cür addımları təkrarlamasın”, – deyə Əraqçı vurğulayıb.
