Putin və Paşinyan arasında Sankt-Peterburqda ikitərəfli görüş keçirilib
Sankt-Peterburqda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş baş tutub.
Rusiya mətbuatının məlumatına görə, görüş zamanı Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyi dəstəyə görə Rusiya tərəfinə təşəkkürünü ifadə edib. Baş nazir qeyd edib ki, İrəvan və Bakı arasında münasibətlərin normallaşması Ermənistan–Rusiya əlaqələrinin inkişafına da müsbət təsir göstərəcək.
Paşinyan Cənubi Qafqaz regionunda mühüm və müsbət proseslərin baş verdiyini vurğulayaraq bildirib ki, əldə olunacaq sülh Ermənistan ilə Rusiya arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.
Görüşdə, həmçinin, Ermənistanın ABŞ ilə TRIPP (“Tramp Marşrutu”) layihəsi çərçivəsində apardığı danışıqlara toxunulub. Paşinyan bu layihənin icrası və tikinti işlərinə başlanması ilə bağlı ABŞ tərəfi ilə konstruktiv ikitərəfli danışıqların davam etdiyini bildirib və qeyd edib ki, bu proseslər region üçün əhəmiyyətli dəyişikliklər vəd edir. O, bu mövzuların Rusiya ilə ikitərəfli münasibətlər kontekstində müzakirəsi üçün görüşün əlverişli imkan yaratdığını deyib.
Rusiya Prezidenti Vladimir Putin isə çıxışında Ermənistan–Rusiya münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini qeyd edib. Onun sözlərinə görə, cari ilin ilk doqquz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 4,5 milyard ABŞ dolları təşkil edib. Putin bu göstəricinin gələcək dövrdə də artım tendensiyasının davam edəcəyini ifadə edib.
