Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Aktual.ge xəbər verir ki, təbrik məktubunda Gürcüstanın Baş naziri Azərbaycan Prezidentinə səmimi təbriklərini çatdıraraq, onun rəhbərliyi altında Azərbaycanın mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb.
Məktubda qeyd olunub ki, Gürcüstan və Azərbaycanı tarixi dostluq münasibətləri və sarsılmaz strateji tərəfdaşlıq birləşdirir. Bu münasibətlər regionda sabitliyin və rifahın təmin olunmasına mühüm töhfə verir. İrakli Kobaxidze birgə səylər nəticəsində iki ölkə arasında mövcud əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Baş nazir məktubunun sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı, rifah və dövlət başçısı kimi məsuliyyətli fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə sülh və davamlı inkişaf arzularını çatdırıb.
