Papuaşvili: Avropalılara inansaydıq, Gürcüstan Ukrayna kimi xarabalığa çevrilərdi
“Avropalı tərəfdaşların tövsiyələrinə əməl edilsəydi, Gürcüstan bu gün Ukrayna kimi dağıdılmış ölkəyə çevrilə bilərdi”.
“Dalğatv” “APA” ya istinadən xəbər verir ki , bu fikirləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Fransa Prezidenti Emmanuel Makronun Avropanın Rusiya ilə dialoq aparmasının vacibliyi barədə açıqlamasını şərh edərkən səsləndirib.
Parlament sədri bildirib ki, Rusiyanı təcrid etdiklərini iddia edən Avropa ölkələri hazırda onunla dialoqun bərpasından danışırlar.
Onun sözlərinə görə, son dörd il ərzində Avropa dövlətləri Rusiyanın beynəlxalq təcrid olunduğunu və onunla ticarət əlaqələrinin kəsildiyini bəyan etsələr də, sonradan bu iddiaların reallığı əks etdirmədiyi üzə çıxıb. Papuaşvili qeyd edib ki, Litva və Estoniya Rusiyaya alkoqollu içkilərin ixracından əhəmiyyətli gəlir əldə edir və bu ölkələr Rusiyaya Gürcüstandan daha çox alkoqollu məhsul ixrac edirlər.
Şalva Papuaşvili əlavə edib ki, bütün müharibələr sonda sülhlə başa çatır, lakin əsas məsələ müharibənin nəticələrindən kimin daha çox zərər çəkəcəyidir.
“Hazırda bu müharibədə kimin qalib gələcəyini demək mümkün deyil. Lakin artıq indidən demək olar ki, bu müharibənin iki məğlub tərəfi var — Ukrayna və Avropa İttifaqı”, — deyə o vurğulayıb.
