Şalva Papuaşvili: “Avropa İttifaqı özünü Sovet Moskvasından da pis aparır”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstana qarşı siyasətini sərt tənqid edərək, Brüsselin davranışını Sovet İttifaqının idarəçilik üsulları ilə müqayisə edib.

“Dalğatv” xəbər verir ki, parlament sədri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası müstəqil dövlətlərin xarici əlaqələrinə müdaxilə etməkdə ittiham edib.

Onun sözlərinə görə, Kallasın ofisindən Avropa ölkələrinin paytaxtlarına Gürcüstanla əlaqələri kəsmək barədə birbaşa göstərişlər göndərilir.

“Kaya Kallas ölkələrə, parlamentlərə və xalq tərəfindən seçilmiş qurumlara kiminlə dostluq etməli, kiminlə danışmalı olduqlarını diktə etməyə özündə haqq görür. Bu, Sovet Moskvasının yanaşmasını xatırladır”, – deyə Papuaşvili bildirib.

Parlament sədri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinskinin bu müqayisələrə etirazına da münasibət bildirib:

“Sovet İttifaqı kimi davranmasınlar, heç kim onları onunla müqayisə etməyəcək. Müstəqil dövlətlərə göstəriş verməyə çalışan Brüssel bürokratiyasının bu davranışı utancvericidir”.

Ş.Papuaşvili, həmçinin Brüsseli Gürcüstanın Avropaya inteqrasiyasına mane olmaqda və digər dövlətlərlə ikitərəfli münasibətlərinə zərər vurmağa çalışmaqda ittiham edib.

“Brüsselin Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dayandırdığını başa düşdük. Bəs niyə digər ölkələrlə ikitərəfli münasibətlərimizə də müdaxilə edirlər? Bu, hətta Sovet Moskvasının davranışından da pisdir”, – deyə parlament sədri vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey