Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2026” birgə hərbi təlimi başlayıb
Azərbaycanda Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib.
Dalğatv xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil olunan təlimə üç ölkədən ümumilikdə 200-dən çox hərbi qulluqçu və müvafiq qurumların nümayəndələri cəlb edilib.
Təlimdə Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları da iştirak edirlər.
Açılış mərasimində çıxış edən general-mayor Vüqar Əliverdiyev Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun salamlarını iştirakçılara çatdırıb və onlara qarşıya qoyulan tapşırıqların icrasında uğurlar arzulayıb.
Çıxışlardan sonra iştirakçılara təlimin məqsədləri, əsas vəzifələri və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, mütəmadi olaraq keçirilən “Eternity” təlimlərinin əsas məqsədi regional iqtisadi layihələrin və strateji əhəmiyyətli obyektlərin mühafizəsi sahəsində üç ölkə arasında qarşılıqlı fəaliyyətin və koordinasiyanın gücləndirilməsidir.
Bununla yanaşı, təlim çərçivəsində təbii resursların nəqli zamanı təhlükəsizliyin təmin edilməsi, mümkün risklərin qiymətləndirilməsi, eləcə də iştirakçıların əməliyyat planlaşdırılması və analitik təhlil bacarıqlarının təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafına, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən “Eternity-2026” birgə komanda-qərargah təlimi noyabrın 20-dək davam edəcək.
