Son günlər Almaniya Gürcüstan vətəndaşlarını ölkədən çıxarmağa başlayıb
Məlumata görə, ilk təyyarə reysi Berlindən Tbilisi Beynəlxalq Hava Limanına dünən gecə saatlarında enib. Bildirilir ki, geri göndərilən şəxslər arasında müalicə məqsədilə Almaniyaya gedənlər, azyaşlı övladları olan ailələr də var. Deportasiya olunanların sözlərinə əsasən, həmin reysdə çox sayda Gürcüstan vətəndaşı olub.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Almaniya hökuməti Gürcüstandan olan bəzi rəsmi şəxslərə əlavə məhdudiyyətlər tətbiq edib. Bu addım Gürcüstandakı siyasi proseslərlə bağlıdır və Qərbin Tbilisiyə qarşı sərgilədiyi son mövqenin tərkib hissəsi kimi qiymətləndirilir.
Almaniyanın bu qərarı qəbul etməsinin əsas səbəblərindən biri, Gürcüstandan sığınacaq üçün müraciət edənlərin sayının artmasıdır. Rəsmi statistikaya görə, Gürcüstandan Almaniyaya qeyri-qanuni yolla daxil olan və sığınacaq axtaranların sayı son illərdə xeyli artıb. Almaniya hökuməti bunu əsas gətirərək Gürcüstanı “təhlükəsiz ölkələr” siyahısına salıb və vətəndaşlarının sığınacaq almaq imkanlarını məhdudlaşdırıb.
Bu deportasiyalar həm Gürcüstanda, həm də Avropada müxtəlif reaksiyalarla qarşılanıb. Bəzi ekspertlər bunu Gürcüstan hökumətinə siyasi təzyiq kimi qiymətləndirir, digərləri isə bunu qanunsuz miqrasiya ilə mübarizə tədbiri hesab edirlər.