Aİ Gürcüstanla vizasız rejimin dayandırılması üçün yeni mexanizmi təsdiqləyəcək
Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılması üçün yeni mexanizm hazırlayıb. Sözügedən mexanizmin noyabr ayında təsdiqlənəcəyi gözlənilir.
Bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos bəyan edib.
“Bundan sonra biz Gürcüstanla vizasız rejimə dair müxtəlif seçimləri və imkanları nəzərdən keçirəcəyik. ‘Gürcü Arzusu’ sadəcə bizi dinləməli və Avropada atdığımız addımlara diqqətlə yanaşmalıdır. Yenidən vurğulamaq istəyirəm ki, Gürcüstan Aİ-yə namizəd ölkədir. Bu status ölkəyə həm məsuliyyət, həm də öhdəliklər gətirir. Əgər Gürcüstan bu öhdəlikləri yerinə yetirmirsə, onun Avropa İttifaqına inteqrasiyasından danışmaq mümkün deyil,” – M. Kos qeyd edib.
Komissar əlavə edib ki, Aİ ilə Gürcüstan arasında mövcud siyasi böhranı nəzərə alaraq, ölkənin 2030-cu ilə qədər İttifaqa üzv olma ehtimalı da real görünmür.
