İsrail Qəzza zolağına yenidən hava zərbələri endirib – Çox sayda ölən və yaralılar var
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın mövqelərinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini açıqlayıb. Bu barədə BBC məlumat yayıb.Fələstin səhiyyə rəsmilərinin məlumatına görə, zərbələr nəticəsində azı 200 fələstinli həlak olub, 90 nəfər isə yaralanıb. Bildirilir ki, bu hücumlar, yanvarın 19-da atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra bölgədə baş verən ən iri miqyaslı hava əməliyyatıdır.
Müvəqqəti atəşkəsin ilk mərhələsi martın 1-də başa çatıb və tərəflər onu davam etdirmək üçün danışıqlar aparıblar. ABŞ, atəşkəsin aprelin ortalarına qədər uzadılmasını və bu müddətdə Qəzzada saxlanılan girovlarla İsrail həbsxanalarında olan fələstinli məhbusların növbəti mübadiləsini təklif edib. Lakin fələstinli rəsmilər bildirirlər ki, İsrail və HƏMAS, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun dolayı danışıqlarda irəli sürdüyü razılaşmanın əsas detallarında ortaq məxrəcə gələ bilməyib.