Aİ-nin ali nümayəndəsi: “Biz Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirik”
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Avropa Şurasının sammiti ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən Gürcüstan hökumətini tənqid edib.
“Dalğatv” xəbər verir ki, Kaya Kallas Gürcüstanın Avropa İttifaqına inteqrasiya yolunda irəliləməsi üçün hökumətin daha uyğun və ardıcıl addımlar atmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı siyasət ölkənin Aİ istiqamətində öhdəlikləri ilə uzlaşmır.
“Gürcüstan hökuməti səhv istiqamətdə irəliləyir. Bu yol Avropa İttifaqına aparan yol deyil. Gürcü xalqına ünvanladığımız güclü mesaj ondan ibarətdir ki, biz onların yanında dayanırıq. Lakin hökumət yanlış addımlar atmaqda davam edərsə, namizəd ölkə statusu prosesi çərçivəsində heç bir irəliləyiş mümkün olmayacaq”, – deyə Kaya Kallas bildirib.
Ali nümayəndə qeyd edib ki, Avropa İttifaqı Gürcüstanın Avropa inteqrasiyasına dəstəyini davam etdirəcək, lakin bu dəstək hökumətin siyasətində konkret dəyişikliklərin baş verməsi ilə şərtlənir.
