Donald Tramp: Ukraynadakı münaqişə III Dünya müharibəsinə çevrilə bilər
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin eskalasiya olunacağı təqdirdə qlobal təhlükəsizlik üçün ciddi risklər yarada biləcəyini bildirib.
“Dalğatv” xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə Ağ Evdə jurnalistlərlə görüşü zamanı açıqlama verib. Prezident Tramp qeyd edib ki, Vaşinqton münaqişənin sülh yolu ilə həlli istiqamətində fəal səylər göstərir.
“Biz Ukraynadakı münaqişənin başa çatdırılması üçün çalışırıq. Əgər vəziyyət nəzarətdən çıxarsa, bu, III Dünya müharibəsinə səbəb ola bilər”, – deyə Donald Tramp vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, rəsmi Vaşinqton bu məsələdə həm Ukrayna, həm də Rusiya ilə razılığın əldə olunmasına kifayət qədər yaxınlaşıb.
Qeyd edək ki, Donald Trampın ötən ilin noyabr ayında münaqişənin nizamlanması məqsədilə irəli sürdüyü 28 maddəlik plan Ukrayna ətrafında diplomatik təmasların intensivləşməsinə səbəb olub. Sözügedən sənəd Kiyev və onun Avropadakı tərəfdaşları tərəfindən narazılıqla qarşılanıb. Daha sonra ABŞ Prezidenti ilkin planın Ukrayna və Rusiya tərəflərinin mövqeləri nəzərə alınmaqla yenidən işlənib hazırlandığını və hazırda yalnız bir neçə mübahisəli məsələnin qaldığını açıqlayıb.
