Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri, eyni zamanda Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri olan Fərzanə Sadiqini qəbul edib.
“Dalğatv” “ AZƏRTAC”- istinadən xəbər verir ki, Prezident İlham Əliyev son dövrlərdə Azərbaycan ilə İran arasında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivləşməsini məmnunluqla qeyd edib. O, bu dinamikanın ölkələrimiz arasındakı dostluğun möhkəmlənməsinə və ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Dövlət başçısı Fərzanə Sadiqinin ölkəmizə səfəri çərçivəsində Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsini yüksək qiymətləndirib. O, Komissiyanın gündəliyində yer alan iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələr üzrə əməkdaşlığa dair mühüm layihələrə diqqət çəkib.
Nazir Fərzanə Sadiqi görüş zamanı İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını Prezident İlham Əliyevə çatdırıb. Prezident bu salamlara görə təşəkkür edib və öz salamlarını İran Prezidentinə yetirməyi xahiş edib.
İranın ölkəmizlə əlaqələri bütün sahələr üzrə inkişaf etdirmək niyyətində olduğunu qeyd edən Fərzanə Sadiqi, xalqlarımız arasında tarixi, mədəni, dini və qohumluq əlaqələrinin mövcudluğunu vurğulayıb.
Qonaq bildirib ki, İran Prezidentinin Azərbaycana planlaşdırılan səfəri öncəsində Komissiyanın iclasının baş tutması gündəmdə olan vacib məsələlərin vaxtında və ətraflı şəkildə müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi, Araz çayı üzərində yerləşən Ağbənd və Kəlalə məntəqələrini birləşdirəcək avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.