Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun baş direktoru və Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad, həmçinin Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxil idi.

Dövlətimizin başçısı görüşdə Ərəb Koordinasiya Qrupuna üzv qurumların, xüsusilə hazırkı dövrdə – Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və tikinti işləri apardığı zamanda ölkəmizdə sosial infrastrukturun inkişafına dəstək göstərmək niyyətini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev vurğuladı ki, bu təşəbbüslər qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq və dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda əsas infrastruktur layihələrinin böyük əksəriyyəti artıq tamamlanıb, hazırda su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramları icra olunur və gələcəkdə də müxtəlif istiqamətlərdə yeni dövlət proqramlarının qəbul ediləcəyi planlaşdırılır.

Görüşə görə nümayəndə heyətinin adından minnətdarlığını bildirən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağ və Şuşa şəhərinə səfərdən məmnunluğunu ifadə edərək, orada aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin dərin təəssürat doğurduğunu söylədi.

Söhbət zamanı Azərbaycan ilə Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd olundu, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti vurğulandı, həmçinin əməkdaşlığın gələcək perspektivləri müzakirə edildi.

Tərəflər Azərbaycanla Ərəb Koordinasiya Qrupuna üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi apardılar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey