Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
“Dalğatv” “ Azərtac”a istinadən xəbər verir ki, görüşdə Patriarx Kirillin Azərbaycana əvvəlki səfərləri və ölkə rəhbərliyi ilə görüşləri məmnunluqla xatırlandı. Azərbaycanda mövcud olan multikultural mühit və dini tolerantlıq vurğulanaraq, pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edildi. Qeyd olundu ki, müxtəlif dini konfessiyaların nümayəndələri ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Görüş zamanı Patriarx Kirill Rus Pravoslav Kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi. Orden, birinci xanımın ənənəvi dəyərlərin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə təqdim olunub.
Mehriban Əliyeva göstərilən yüksək təqdirə görə təşəkkürünü bildirib.