Birinci vitse-prezident Mehriban Əliyeva Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 16-da Avropanın ən böyük pediatrik “Bambino Gesu” xəstəxanasında olub.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident burada molekulyar-genetika və klinik diaqnostika laboratoriyaları ilə tanış olub.
“Bambino Gesu” pediatrik xəstəxanasının prezidenti Titsiano Onesti Birinci vitse-prezident Mehriban Əliyevaya laboratoriyalar haqqında məlumat verib.
Bildirilib ki, 1869-cu ildə Salviati ailəsi tərəfindən əsası qoyulmuş, Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” pediatrik xəstəxanası ilkin olaraq özəl xəstəxana kimi yaradılıb. Bu tibb müəssisəsi uşaq müalicəsi üçün nəzərdə tutulmuş ilk strukturlar arasındadır.
Diqqətə çatdırılıb ki, “Bambino Gesu” pediatrik xəstəxanası İtaliya dövləti tərəfindən maliyyələşdirilən və dövlət xəstəxanası kimi fəaliyyət göstərən qurum olmasına baxmayaraq, Müqəddəs Taxt-Tacın bir müəssisəsidir və birbaşa ona hesabat verir, onun rəhbərliyinə tabedir. 2006-cı ildə xəstəxana “Joint Commission International” tərəfindən akademik xəstəxana kimi akkreditə olunub və hazırda Avropanın ən böyük uşaq xəstəxanası və tədqiqat mərkəzidir.
Qeyd olunub ki, San Paolo filialı xəstəxananın genetik və hüceyrə tədqiqatları üçün ən müasir texnologiyalarla təchiz edilmiş böyük tədqiqat laboratoriyalarının, o cümlədən qabaqcıl müalicə üsullarının tətbiq olunduğu əczaçılıq emalatxanasının mərkəzidir. Burada klinik diaqnozların nəticələri bir daha təsdiqlənmək üçün genetik analizlərlə qarşılaşdırılır, habelə metabolik analizlər sayəsində pasiyentlərə fərdi tibbi yanaşma tətbiq olunur.
