Baş nazir: “2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün ən hazırlıqlı ölkə olacaq”
2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün ən hazırlıqlı ölkə olacaq və təbii ki, burada da münasibətlərin yenidən qurulması vacibdir”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Milanda gürcü jurnalistlərinə müsahibəsində bildirib.
Hökumət başçısının sözlərinə görə, müxalifətin səfərləri əks istiqamətə yönəlib və onların məqsədi münasibətlərin yenidən qurulmasına mane olmaqdır.
“Məqsəd həmişə eynidir – bu, sabotajdır. Hələ Gürcüstana vizasız rejimin verilməsi məsələsi müzakirə olunarkən, o dövrdən bəri müxalifət nümayəndələri fəal şəkildə sabotajla məşğul olublar. Daha sonra bu sabotaj davam etdi, xüsusilə son dörd ildə, namizəd statusunun və danışıqların başlanmasının müzakirə olunduğu dövrdə. Bu, daim sabotajla məşğul olan adi agent şəbəkəsidir. Burada da bizim vəzifəmiz aydındır – məqsədimiz Gürcüstanın Avropa İttifaqına üzv olmasıdır. Hesab edirik ki, 2030-cu ilə qədər Gürcüstan üzvlüyə ən hazırlıqlı ölkə olacaq və təbii ki, bu məsələdə də münasibətlərin yenidən qurulması vacibdir. Müxalifətin səfərləri isə əks istiqamətə yönəlib və onların məqsədi bu prosesə hər cür şəkildə mane olmaqdır. Biz səylərimizi əsirgəməyəcəyik, qalanı Avropa strukturlarının yanaşmasından asılı olacaq”, – deyə İrakli Kobaxidze qeyd edib.