Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın Abxaziya bölgəsində yerləşən Suxumi Hava Limanından istifadəsinə dair etirazını bildirib. Nazirlik məsələ ilə bağlı yaydığı bəyanatda Abxaziya ərazisi ilə hava nəqliyyatının başlanmasından ciddi narahatlıq ifadə edib.
Bəyanatda qeyd olunub ki, 2025-ci il mayın 1-də Rusiya aviaşirkətinin işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz uçuş həyata keçirməsi, habelə Suxumi Hava Limanının işğal rejimi ilə bağlanmış razılaşma əsasında Rusiyanın istifadəsinə verilməsi və istismarı Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir.
Bu addımlar həmçinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasına ziddir.
Nazirlik bəyanatında mayın 1-dən Abxaziya ilə dəmir yolu əlaqəsinin bərpa olunmasına da narahatlıqla yanaşıldığını bildirib və bu cür addımların regionda gərginliyi daha da artırdığı vurğulanıb.
Gürcüstan tərəfi Rusiyanı beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, o cümlədən 2008-ci il 12 avqust tarixli atəşkəs razılaşmasına əməl etməyə çağırıb.
Bu bəyanat Gürcüstanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin bir daha təsdiqi kimi qiymətləndirilir.