Kobaxidze: “Bəyənilməyən siyasi qüvvəni gözdən salmaq üçün ona rusiyapərəst damğası vurmaq klassik taktikadır”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, müəyyən siyasi dairələr tərəfindən bəyənilməyən siyasi qüvvələri gözdən salmaq məqsədilə onlara “rusiyapərəst” damğası vurulması geniş yayılmış klassik bir taktika kimi istifadə olunur.
Kobaxidze bu fikirləri “Rustavi 2” telekanalına müsahibəsində səsləndirib. O, həm beynəlxalq, həm də yerli siyasi dairələrdə dezinformasiya kampaniyalarının aparıldığını qeyd edib.
“Müxtəlif ölkələrdə müəyyən siyasi qrupları gözdən salmaq üçün onlara ‘rusiyapərəst’ damğası vurmaq klassik yanaşmadır. Bu, dərin dövlətin tipik dəsti-xəttidir”, – deyə Baş nazir vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanda bu cür kampaniya hələ 2011-ci ildə, hazırkı hakim partiyanın əsas qurucusu Bidzina İvanişvilinin siyasətə qoşulmasından əvvəl başlayıb. O əlavə edib ki, bu ritorika sonradan “Qlobal Müharibə Partiyası” termini ilə əvəz olunub və bu yanaşma ABŞ-da “Dərin Dövlət” konsepsiyası ilə eyniləşdirilir.
“Bu ssenari müxtəlif ölkələrdə tətbiq olunur. Məsələn, Macarıstanın Baş naziri Viktor Orban da rusiyapərəst siyasətçi kimi təqdim olunur, baxmayaraq ki, ölkəsində belə meyllər müşahidə edilmir”, – deyə Gürcüstan hökumət başçısı əlavə edib.