Dalga Televiziyasi Cəmiyyət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün798
DünənDünən1073
Bu həftəBu həftə2286
Bu ayBu ay50982
Bu günə qədərBu günə qədər7478316

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Cəmiyyət

Yağış yağacaq, temperatur aşağı enəcək — XƏBƏRDARLIQ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-dən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

 

Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. 

 

Prezidentliyə namizəd: “Gürcüstan azərbaycanlıları doğma dillərini mütləq qoruyub saxlamalıdırlar”

"Gürcüstanda yaşayan azərbaycanlılar öz doğma ana dillərini mütləq qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər".

Bunu Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Marneulidə seçicilərlə keçirdiyi görüşdə deyib.

O, 36 il Fransada yaşadığı dövrdə gürcü dili və mədəniyyətini qoruyub saxladığını bildirib: "Məhz dövlət dilini öyrənəndən sonra mən Fransada yüksək vəzifələrə nail oldum".

S.Zurabişvili vurğulayıb ki, Gürcüstanın hər bir vətəndaşı övladlarının işıqlı gələcəyinin olmasını istəyir: "Gələcəkdə uğur qazanmaq, dövlət qurumlarında təmsil olunmaq üçün və ümumiyyətlə, vətəndaş cəmiyyətinə inteqrasiya üçün dövlət dilini bilmək mütləqdir. Ümid edirəm ki, 6 illik prezidentlik müddətim başa çatandan sonra Marneuliyə gəlib sizlərlə tərcüməçisiz gürcü dilində danışacacağam”.

Prezidentliyə namizəd qeyd edib ki, dövlət milli azlıq nümayəndələrinin gürcü dilində tədrisi məsələsinə xüsusi diqqət ayırmalıdır: "Prezidentliyim dövründə dövlət dilinin milli azlıqlar tərəfindən yaxşı mənimsənilməsi üçün təbliğat işləri aparacağam".

Soyuqdəymədən qorunmaq üçün 6 effektli üsul. Professor tövsiyə edir

Soyuq fəsillərdə qripp və soyuqdəymə halları kəskin artır.

Kardiff Universitetinin (Böyük Britaniya) Soyuqdəymə Xəstəliklərinin Araşdırması Mərkəzinin professoru Ron Ekklz soyuqdəymədən qorunmaq üçün bəzi tövsiyələr verib.

Dalga tv Saglamolun.az-a istinadla sizə bu tövsiyələri təqdim edir.

1. Professor soyuqdəymənin riskini azaltmaq üçün burunu soyuqdan qorumağı, burunu tez-tez  isindirməyi (məsələn, buxarla) tövsiyə edir. Burun nahiyəsində hərarət aşağı düşdükdə qan dövranı və mikroblarla mübarizə edən immun hüceyrələrinin  hərəkətliliyi azalır ki, bu da soyuqdəymənin riskini artırır.  

2. Burunu duzlu su ilə yuyun. Araşdırmalar sübut edir ki, duzlu su ilə burun boşluğunun yuyulması bura düşən mikrob və virusları azaldır, onların artmasına mane olur. Çöldə evə qayıdanda mütləq duzlu su ilə burnunuzu yaxşı yuyun (1 stəkan ilıq su + 1 ç.q. duz).

3. Paltarları isti suda yuyun. Soyuqdəymə xəstəlikləri epidemiyası zamanı paltarları (xüsusilə işə geyindiyiniz paltarları) 40 C və bundan yüksək temperaturda yuyun. İsti su paltarları mikroblardan daha yaxşı təmizləyir.   

4. Qidalanmada D vitamini ilə zəngin olan qidaların miqdarını artırın (balıq, yumurta, süd məhsulları).  D vitamini immun sistemini stimullaşdırır.

5. Şirniyyatları məhdudlaşdırın. Şəkər immun hüceyrələri olan faqositlərin aktivliyini azaldır.

6. 7-8 saat yatın. Alimlər sübut edir ki, 7 saatdan az yatan insanlarda soyuqdəymə xəstəliklərinə tutulma  riski 3 dəfə artır.

Xəzərdə sunami? 10 metrlik dalğalar da olub

"Sunami" sözü eşidən zaman bir çoxlarının ağlına qarşısına gələn hər şeyi dağıdan nəhəng dalğalar gəlir. Ancaq Xəzəryanı ölkələrdə yaşayan insanlar bunun hardasa uzaqlarda - Sakit okeanda, Cənub-şərqi Asiyada, Yaponiyada baş verdiyini düşünür və bizim üçün qorxulu olmadığı iddia edilir. 

Amma alimlər bildirirlər ki, Xəzər dənizinin tarixində elə hadisələr olub ki, onları da "sunami" adlandırmaq olar.

957-ci ildə Dərbəndin rayonunda zəlzələ olub. Qədim yazılara inansaq, həmin gün dənizdə dalğanın hündürlüyü 150 metrə çatıb və daha sonra dalğa sahilə çırpılıb. 

"Sunami"yə oxşar, lakin qismən zəif hadisə 1868-ci ildə Bakıda baş verib. Həmin vaxt Bakıdan 90 kilometr aralıda yerləşən adalardan biri su altında qalıb. 

Güclü zəlzələlərdən biri 1895-ci il iyulun 8-dən 9-na keçən gecə Krasnovodsk şəhərində baş verib. Bu, Türkmənistan və keçmiş SSRİ məkanındakı ən güclü zəlzələ hesab edilib. Onun maqnitudası 8,2 bal olub. 

Yeraltı təkanlar üç min kvadrat kilometr ərazidə, o cümlədən Zaqafqaziyada, Tbilisidə və Bakıda hiss edilib. Zəlzələni Həştərxan, Samara, Saratov, Pens, Pyatiqorsk və digər Rusiya şəhərlərində hiss olunub. 

O zaman Uzun-Ada adası tamamilə suyun altında qalıb.

Əgər İran alimlərinin Xəzər dənizində sunami ilə bağlı sensasiyalı bəyanatlarına inansaq, istər-istəməz düşünməli olursan. 

Bəyanatda bildirilib ki, Xəzərin dibindəki relyefin kəskin amilləri sunaminin yaranmasını mümkün edir. Alimlərin fikrincə, İran seysmik aktivlik zonasında yerləşir və bununla yanaşı, şimal və cənubdan su ilə əhatə olunub. Bu, zəlzələnin və sunaminin başvermə riskini artırır. 

Qədim dövrlərdə və əsrlərdə baş verən hadisənin bu günümüzdə təkrarlanması mümkündürmü?

 Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti Telman Zeynalova müraciət edib. 

Onun sözlərinə görə, Xəzərdə ən hündür dalğa 10 metr olub və bu, 1957-ci ildə Neft daşlarında müşahidə edilib. 

"Xəzər dənizi dünyanın ən fırtınalı dənizlərdən biri hesab olunur. 10 metr hündürlüyündə dalğalar 5-10 ildə bir dəfə müşahidə edilir. Xəzər sahillərinə dalğanın hündürlüyü iki metrə qədər qalxa bilər", - ekoloq deyib. 

Müsahibimiz bildirib ki, Xəzərin Azərbaycan sektorunda həqiqi sunami proqnozlaşdırılmır. 

"Hətta zəlzələ nəticəsində Xəzərdə böyük dalğa olsa, bu, Azərbaycana təsir etməyəcək. Bu gün Xəzər dənizində seysmikliyin artdığı yeddi zona var və onların ən böyüyü Terek-Xəzər dənizinin dərinliyində yerləşir. Zəlzələlər çox vaxt təkrarlanır. 

Seysmik aktivliyin ən aşağı zonası isə Abşeron yarımadasında yerləşir", - Zeynalov əlavə edib.

 

Qəbələdə ərəblərin kirayə qaldığı ev yandı — Ölən və yaralananlar var

Qəbələ rayonunda ərəb turistlərin yaşadığı evdə yanğın olub.

Hadisə rayon mərkəzində yerləşən fərdi evlərdən birində baş verib. 

Belə ki, ərəb turistlərin kirayələyərək yaşadığı evdə baş verən yanğın zamanı bir nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Qəbələ Rayon Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb.

 

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Ötən gün axşam saatlarında Gürcüstanın Azərbaycanla sərhədinə yaxın ərazisində 3,3 maqnituda gücündə zəlzələ olub.

Yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsində qeydə alınıb.

Seysmoloqların məlumatına görə, zəlzələ ötən gün Bakı vaxtı ilə 18:48-də Dedoplistskaro şəhərindən 25 km cənub-şərqdə, Azərbaycanla sərhəddə yerləşən Zemo Xalatsani kəndinin 6-cı km-də baş verib.

 

Yeraltı təkanların mərkəzi yerin 40 km dərinliyində olub.

Gölə qayıqla çıxdı, geri qayıda bilmədi — FHN-dən kömək

Binəqədi rayonunda 1 nəfər göldə qayıqda qalıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin göldə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərə müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.​

 

Yuyucu tozun içindən psixotrop maddə çıxdı

Gömrükçülər psixotrop maddə və narkotik vasitənin gömrük nəzarətindən gizlətməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus 2 ədəd sellofan torbaya rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb. 

Bu səbəbdən həmin yük təkrar yoxlanılıb. Baxışdan öncə, vətəndaş ona məxsus sellofan torbalarda gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, sellofan torbalardan birində olan və üzərində "Darya" sözü yazılmış yuyucu toz qutusunun içərisində 1 ədəd bükümdə, xalis çəkisi 69,690 qram olan psixotrop maddə -metamfetamin aşkar edilib. 

 

Digər torbada isə üzərində "de nata" sözü yazılmış 3 ədəd biskvitin hər birinin içərisində 1 büküm olmaqla, ümumi xalis çəkisi 286,740 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Metroda qorxulu anlar — 2 qatar üz-üzə gəldi

Bakı metrosunda qorxulu anlar yaşanıb.

Metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

"Dərnəgül" istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb. 

Xoşbəxtlikdən toqquşma baş verməyib. 

https://youtu.be/TjoCardTJqA

Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur

Gürcüstanın paytaxtı Tbilisi şəhərində ənənəvi "Tbilisoba" bayramı qeyd olunur.

İkigünlük bayramla əlaqədar Tbilisinin mərkəzində avtomobillərin hərəkəti dayandırılıb.

Otuz dördüncü dəfə baş tutan "Tbilisoba' bayramı çərçivəsində kənd təsərrüfatı məhsulları yarmarkaları, kulinar festivallar, konsertlər, tamaşalar, sərgilər, müxtəlif idman yarışları, uşaqlar üçün əyləncəli proqramlar və digər tədbirlər keçirilir.

Bayram şənliklərinə Tbilisi sakinləri ilə yanaşı, şəhərin qonaqları da qatılıblar.

"Tbilisoba" bayramının ənənəsinə uyğun olaraq, oktyabrın 7-də Tbilisi şəhərinin fəxri vətəndaşlarının təltif olunması mərasimi də baş tutacaq.

Qeyd edək ki, "Tbilisoba" bayramı ilk dəfə 1979-cu ildə qeyd olunub. Bayram məhsul yığımı mövsümü, yarmarkalarla əlaqədardır və hər il oktyabr ayında keçirilir.

 

Göygöldə yük avtomobili aşdı — 2 ölü, 2 yaralı

Göygöldə baş verən ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Göygöl şəhər Təmizlik İdarəsinə məxsus yük maşınının idarəetmədən çıxaraq aşması nəticəsində, Göygöl şəhər sakini, 1966-cı il təvəllüdlü Elman Saleh oğlu İmanov və Göygöl rayon Toğana kənd sakini, 1967-ci il təvəllüdlü Niyazi Mircəfər oğlu Verdiyev ölüb. 

Onların meyitləri aşan avtomobilin altından çıxarılaraq morqa aparılıb. 

 

Hadisə zamanı Göygöl rayon sakinləri, 1980-ci il təvəllüdlü Habil Telman oğlu İmanov və 1978-ci il təvəllüdlü Vaqif Renger oğlu Nəcəfov yaralanıblar. Qəzaya uğrayan yük maşının sürücüsü isə xəsarət almayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycana ilk qar yağdı - FOTO

Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə qar yağıb.

Yağıntı gecə saatlarında rayonun əksər dağlıq kənd və məntəqələrinə düşüb.

Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.

Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Saytda Axtarış

Son xəbərlər