Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2734
DünənDünən3053
Bu həftəBu həftə5787
Bu ayBu ay100000
Bu günə qədərBu günə qədər8462386

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycan prezidenti: "Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, neftin qiyməti gələn il 60-70 dollar olacaq"

"Hesab edirəm ki, neftin qiyməti daha 2-3 dollar düşəcək. Lakin ilin ikinci yarısında bazar inkişaf edəcək".

"Dalğa TV"nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən "The new energy equation" panelində çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət dövri xarakter daşıyır: "Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. İnkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. İndi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur. Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram".

Azərbaycan prezidenti: "SOCAR özəlləşdirilməyəcək"

"Yaxın vaxtlarda Azərbaycan hökuməti özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərinin siyahısı ilə bağlı müzakirələrə başlayacaq".

"Dalğa TV" xəbər verir ki, bunu RİA " Novosti" agentliyinə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev deyib.


Dövlət başçısı qeyd edib ki, ölkənin əsas ixrac məhsulunun dəyərsizləşməsi səbəbindən Azərbaycan hökuməti strateji aktivi olan SOCAR-ı özəlləşdirilməyəcək: "SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz".

Müxbirin "Rusiya şirkətləri Azərbaycanın dövlət aktivlərinin özəlləşdirilməsində iştirak edə bilərmi" sualına prezident belə cavab verib: "Rusiya Azərbaycanın yaxın dostudur. İstəsələr, yalnız şad olarıq. Lakin hələlik müraciət edən olmayıb".

Gürcüstana tədarük olunan Rusiya qazının həcmi artırıla bilər

Gürcüstana tədarük olunan Rusiya qazının ümumi həcmi 12 faizdən 20 faizədək artırıla bilər.

"Dalğa TV"nin  "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze "Rustavi-2" telekanalına müsahibəsində "Qazprom" nümayəndələri ilə görüşlərin təfərrüatlarını açıqlayarkən bildirib.

"Bu gün biz Rusiyadan tədarük etdiyimiz qazın həcmi 12 faiz təşkil edir, razılaşmaya nail olunacağı təqdirdə biz ehtiyac yarandıqda əlavə həcmlər əldə edə biləcəyik və belə olan halda bu göstərici təxminən 20 faizədək artırıla bilər. Sözsüz ki, bu müvəqqəti olacaq. Söhbət bir illik müddətə imzalanacaq sazişdən gedir", deyə Kaladze qeyd edərək, "Qazprom"la imzalanmış əvvəlki sazişin müddətinin 2015-ci ilin dekabrın 31-də başa çatdığını və yeni müqavilənin hələ gə imzalanmadığını xatırladıb.

Nazir Gürcüstanın qaz çatışmazlığı ilə üzləşdiyini qeyd edib: "Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalmaqdadır, lakin onun texniki səbəbdən Gürcüstana daha çox həcmdə qaz tədarük etmək imkanı yoxdur, çünki boru xətti faktiki olaraq buna imkan vermir".

Nazirin sözlərinə görə, son görüşlərdə Rusiya tərəfi Gürcüstandan yanacağın Ermənistana tranzit olunmasına görə qazın əvəzinə pul kompensasiyası almasını tələb edib. Kaladze qeyd edib ki, Rusiyanın Ermənistan bazarını başqa tranzitlə təmin etmək və Gürcüstanı tranzit ölkə statusundan məhrum etmək üçün bütün imkanları var: "Bu Gürcüstanın maraqlarına ziddir, və Tiflis məhz bu səbəbdən tranzit koridor funksiyasını hər cür qoruyub saxlamağa çalışır".

"Müvafiq həcmdə təbii qazımız olmasa (tranzit koridor funksiyası itiriləcəyi təqdirdə - red.) stansiyaları dayandırmalı, Rusiyadan əlavə elektrik enerjisi almalı olacağıq, bu isə əlavə xərclərə gətirib çıxaracaq. Bu, son nəticədə, tariflərə təsir edəcək və vətəndaşlarımız daha çox ödəniş etməli olacaqlar", deyə nazir əlavə edib.

Kaladze "Qazprom" nümayəndələri ilə növbəti görüşün yanvarın 20-də Vyanada keçiriləcəyini bildirərək, görüşdən Gürcüstanın maraqlarına cavab verən sazişlə qayıdacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Gürcüstan müxalifəti və ekspertlər Kaxa Kaladzeni tənqid edərək, "Qazprom"la əməkdaşlığın Gürcüstanın enerji müstəqilliyinin itirilməsinə gətirib çıxaracağından ehtiyatlanırlar. Tiflisdə hökumətin "Qazprom"la danışıqlara son qoyması tələbi ilə mütəmadi etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, Azərbaycan Gürcüstanı qazla təchiz edən əsas idxalçıdır. Hazırda Gürcüstan Ermənistana tədarük olunan Rusiya qazının ümumi həcminin 12 faizini tranzit haqqı qismində alır. Ölkə Rusiya qazının satın alınmasını 2007-ci ildən dayandırıb.

Gürcü politoloq: "Qazprom"la müqavilə bağlansa, Gürcüstan Azərbaycan kimi strateji müttəfiqini itirəcək"

"Regionda böyük oyunlar gedir. "Qazprom" şirkətinin bizə qazı 200 və yaxud 180 dollara satacağı məni narahat etmir. Narahat edən Rusiyanın Ermənistanın izolyasiyasını Gürcüstan vasitəsi ilə pozmaqla Azərbaycana "soyuq müharibə" elan etmək istəyidir. Bütün Rusiya Azərbaycanın əleyhinə işləyir. Azərbaycanın arxasında Türkiyə, Türkiyənin arxasında isə NATO dayanır. Bəs arxamızda kim var? Heç kim!".
"Dalğa TV"nin  məlumatına görə, bunu gürcü politoloqu Soso Tsinsadze "Aliya" qəzetinə müsahibəsində deyib.

"Azərbaycan bunu bizə bağışlamaz. Qaz məsələsi Azərbaycan üçün prinsip məsələsidir. Azərbaycanın milli valyutası dəyərini itirir. Rusiya isə bundan Azərbaycan əleyhinə istifadə edir", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə dəstək verməsi Rusiyanı qəzəbləndirib və Rusiya bunu bağışlamaq istəmir. "Putin revanş götürür və biz də bu işə cəlb olunmuşuq".

Politoloq "Qazprom" şirkəti ilə müqavilənin bağlanacağı halda Gürcüstanın təhlükəli vəziyyətlə üzləşəcəyini bildirib: "Müqavilə bağlansa, Gürcüstan tranzit funksiyasını və Azərbaycan kimi strateji müttəfiqini itirəcək, diplomatik manevr imkanlarımız məhdudlaşdırılacaq".

Neft Fondu 7 milyard dollardan çox gəlir əldə edib

SOFAZ məlumat yaydı.

Azərbaycan Dövlət Neft Fonduna (SOFAZ) 2015-ci il ərzində "Azəri-çıraq-Günəşli"(AçG) yataqlar bloku üzrə mənfəət nefti və "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət qazının satışından ümumilikdə 7,223 milyard ABŞ dolları daxil olub.

Bu barədə Fonddan bildirilib.

"Bu məbləğin 6,9 milyard dollar AçG-dən mənfəət neftinin, 323 milyon dollar "Şahdəniz" yatağından qazın satışından əldə olunub.

2001-ci ildən bu il yanvarın 1-dək AçG-dən 117 mlrd. dollar, 2007-ci ildən isə "Şahdəniz" yatağından 2,4 milyard dollar vəsait əldə olunub.

Vəsaitlərin idarə edilməsindən 2001-ci ildən ötən il dekabrın 31-dək 3,6 milyard dollar gəlir əldə edilib", - deyə SOFAZ-dan qeyd edilib.

ARDNF: Bu gün 28 banka 194 mln. dollar satılıb

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ARDNF tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 193 mln. 896 min ABŞ dolları məbləğində vəsait 28 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Yatsenyuk: “Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk qatar bu gün yola düşür”

"Bu gün İliçevsk dəniz limanından Rusiyadan yan keçməklə Çinə ilk sınaq reysi yola düşəcək".

"Dalğa TV"nin xəbərinə görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk özünün "Facebook" səhifəsində yazıb. "Bu gün İliçevsk dəniz limanından Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə ilk sınaq qatarı yola çıxır. O, "İpək Yolu"nun yeni istiqaməti və Ukraynadan yüklərin Rusiya ərazisindən yan keçməklə çatdırılmasında alternativ yol olacaq", - deyə A. Yatsenyuk bildirib.

Baş nazir qeyd edib ki, bu marşrutla yük daşımaları sayəsində Ukraynaya aid yüklərin Rusiyanın nəqliyyat və tranzit embarqosuna rəğmən, Orta Asiya və Çin bazarlarına çatdırılması mümkün olacaq.

Xatırladaq ki, yanvarın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Ukrayna arasında Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə rəqabətədavamlı tariflərin müəyyənləşdirilməsi üzrə protokol imzalanıb.

Neftin qiyməti son 12 ildə ilk dəfə 29 dollardan aşağı düşüb

Brent markalı neft 2004-cü ilin fevralından bəri ilk dəfə 29 dollardan aşağı düşüb.

"Dalğa TV"nin məlumatına görə, Bakı vaxtı ilə saat 21:35 üçün ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 6,49% azalaraq 28,88 dollaradək düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,41% ucuzlaşaraq 29,20 dollar təşkil edib.

Ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azad olundu

Prezident tapşırıq verib.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə ölkə Azərbaycan Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Bu barədə "Dalğa TV" İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalmış, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.

Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.

Unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Ötən il Azərbaycanda korrupsiya nəticəsində vurulmuş 143 milyon 883 min manat ziyandan 36 milyon 101 min manatı ödənilib

2015-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165 iş maddi ziyanla bağlı olub.

"Dalğa TV"nin APA-ya istinadən məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ərisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmin işlər üzrə vurulmuş 143 milyon 883 min manat ziyandan istintaq zamanı 36 milyon 101 min manat və ya 25,1% ödənilib: “Belə ki, dövlət mülkiyyətinə vurulmuş 27 milyon 561 min manat ziyandan ibtidai araşdırma mərhələsində 4 milyon 805 min manat və ya 17,5%, xüsusi mülkiyyətə vurulmuş 116 milyon 313 min manat ziyandan ibtidai araşdırma mərhələsində 31 milyon 296 min manat və ya 27,0%, bələdiyyə mülkiyyətinə dəymiş 9 min 811 manat ziyandan ibtidai araşdırma mərhələsində 900 manat və ya 9,2%-in ödənilməsi təmin edilib"

Gömrükdən nəyi pulsuz keçirmək olar? – SİYAHI

3 litr alkoqollu içki və 600 ədəd siqaret.

Prezident İlham Əliyevin 24 dekabr 2015-ci il tarixli Fərmanı ilə "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı"nın birinci hissəsi ləğv olunduqdan sonra daha Azərbaycan vətəndaşları ümumi gömrük dəyəri 1500 dollar ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 dollar ekvivalenti məbləğindən) artıq olmayan, kommersiya məqsədləri üçün nəzərdə tutulan malları gətirə bilərlər.

Bəs görəsən, gömrükdən nəyi və hansı həddə rüsumsuz keçirmək mümkündür?

 

"Dalğa TV" Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Qalib Toğrul bildirib ki, aşağıdakıları gömrükdən rüsumsuz keçirib ölkəyə gətirmək mümkündür:

- Avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;

- 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün keçirilən 3 litr alkoqollu içki və 600 ədəd siqaret (3 blok);

- 10 kiloqrama qədər ərzaq məhsulları (nərə cinsli balıq istisna olmaqla);

- 125 qrama qədər nərə cinsli balıq kürüsü;

- Gömrük ərazisindən aparılan mallar (məsələn, "Duty free"dən alınan);

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar;

- Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;
İqtisadçı qeyd edib ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir:

"Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı yuxarıda müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir".

Ekspertin sözlərinə görə, 1500 dolların tərkibinə səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri, Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə) daxil deyil.

Q.Toğrul fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların adlarına da aydınlıq gətirib. Həmin siyahı belədir:

- Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar;

- Avtonəqliyyat vasitələri;

- 1500 (min beş yüz) ABŞ dolları ekvivalentindən artıq qiymətli metallar və qiymətli daşlar;

- 10 000 dollar ekvivalentindən artıq valyuta və qiymətli kağızlar;

- Gömrük sərhədindən keçirilməsinə görə xüsusi razılıq (lisenziya), icazə sənədi tələb olunan mallar.

Mərkəzi Bank: Mübadilə şöbələri yalnız mehmanxana və hava limanlarında fəaliyyət göstərəcək

Banklar tərəfindən valyuta mübadilə əməliyyatları qanunvericiliyə uyğun olaraq bankların baş ofisində, filial və şöbələrində (o cümlədən mübadilə şöbələrində), eləcə də ödəniş terminallarında həyata keçirilir.

"Dalğa TV" xəbər berir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib.

"Son zamanlar valyuta mübadilə əməliyyatların həcminin artması ilə əlaqədar kommersiya bankları tərəfindən əməliyyatlarını daha səmərəli və çevik tənzimlənməsi, əməliyyatlara nəzarət prosedurunun gücləndirilməsi məqsədilə, eləcə də xidmət şəbəkələrinin və əməliyyat xərclərinin optimallaşdırılması istiqamətində aparılan işlərin davamı olaraq valyuta mübadiləsi əməliyyatlarının mübadilə şöbələrində həyata keçirilməsi məhdudlaşdırılmış, mübadilə şöbələrinin fəaliyyətinə əsasən xitam verilmişdir. Yalnız turizm xidməti göstərən obyektlərdə (xüsusilə mehmanxana və hava limanında) operativ valyuta mübadilə ehtiyaclarının qarşılanması məqsədilə bankların valyuta mübadilə şöbələrinin fəaliyyəti davam etdirilir. Məlumat üçün bildiririk ki, hazırda əhalinin, o cümlədən sahibkarların bank xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə banklar kifayət qədər geniş xidmət infrastrukturuna malikdirlər. Bankların 914 filial və şöbəsi fəaliyyət göstərir ki, bunların da 458-i regionlarda yerləşir”, - deyə məlumatda qeyd edilib.

Saytda Axtarış

Son xəbərlər