Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün705
DünənDünən1348
Bu həftəBu həftə4400
Bu ayBu ay53096
Bu günə qədərBu günə qədər7480430

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan prezidenti parlamentdə hesabat verib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili parlamentdə illik hesabatla çıxış edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət başçısı 20 dəqiqəlik çıxışında xarici siyasət, Rusiya ilə münasibətlər, iqtisadiyyat, media azadlığı və digər məsələlərə toxunub.

G. Marqvelaşvili deyib ki, 2018-ci ildə Rusiya "soyuq müharibə" imitasiyası yaratmağa cəhdlər edib: "Rusiyanın təxribatlarına uymaq olmaz və bunun üçün biz ayıq-sayıq olmalıyıq".

 

Prezident ölkədə biznesin azad olduğunu söyləyib. O, vergi sistemində həyata keçirilən islahatları, startap və innovasiyaların təşviqini alqışladığını qeyd edib.

Prezident çıxışında ölkənin təhsil sistemini tənqid edib. Dövlət başçısının sözlərinə görə, onun təhsil naziri olduğu dövrdən sonra təhsil sistemində heç bir şey həyata keçirilməyib.

Parlamentdə dövlət başçısının çıxışı debatlar formatında davam etdiriləcək.

Plenar iclasda baş nazir Giorgi Kvirikaşvili, hökumət üzləri və diplomatik korpusun nümayəndələri də iştirak edir.

Prezident Rusiyanın Baş Qərargah rəisini və NATO baş komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.

Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi və bu seçkiləri xalqın dövlətimizin başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edildi, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlətimizin başçısına minnətdarlıq etdi.

Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirdi və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Körtis Skaparotti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi.
Azərbaycan Prezidenti təbrikə görə minnətdarlığını bildirdi. Söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edildi.

Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, səfər zamanı NATO-nun baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.

NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz tərəfindən NATO-Azərbaycan əməkdaşlığından çox razı olduğunu məmnunluqla bildirərək Azərbaycanın bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd etdi. O, xüsusən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək bu əməliyyatlar üçün ölkəmizin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğuladı.

Körtis Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ölkəmizin ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.

 

Gürcüstan baş naziri: “Etnik azlıqlar ölkənin NATO-ya inteqrasiyası barədə məlumatlandırılmalıdır”

"Gürcüstanda yaşayan etnik azlıqların NATO-ya inteqrasiyanın ölkəyə verdiyi faydalar barədə məlumatlandırılması olduqca vacibdir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. 
 

"Bu il NATO günləri bölgələrdə xüsusilə qeyd olunur. Bu günlər həmçinin etnik azlıqların yaşadıqları bölgələrdə də keçirilir. Əhalimizin NATO-ya inteqrasiya barədə məlumatlandırılmasının səviyyəsi yüksək olmalıdır ki, vətəndaşlarımız ölkənin hansı faydaları əldə etməsi və ölkəmiz üçün sabitliyin necə vacib olmasını daha yaxşı anlasınlar". 
 

Qeyd edək ki, qonşu ölkədə aprelin 16-da start verilmiş NATO günləri may ayının 1-dək davam edəcək. NATO günləri çərçivəsində ilk görüş azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə baş tutub. 

Ermənilər dinc sakinimizi vurdular - YENİLƏNİB

Ermənilərin odlu silahla yaraladığı 27 yaşlı Rahim Hacıyevin bel nahiyəsində olan qəlpəni götürmək mümkün olmayıb. 

 Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Cərahiyyə Şöbəsinin müdiri Vaqif Bağırov APA-ya açıqlamasında bildirib ki, qəlpənin olduğu yerdə  əməliyyat aparılması həyatı təhlükə daşıdığı üçün onu xaric etmək mümkün olmayıb.

“Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kənd sakini Rahim Hacıyev xəstəxanaya döş qəfəsinin sağ yan səthindən daxilə sirayət edən odlu silah yaralanması ilə gətirilib. Vəziyyəti ağır idi, arterial təzyiqi aşağı, şok vəziyyətdə idi. Təcilli müayinəyə aparıldı, döş boşluğunda çoxlu miqdarda qan olması, ağ ciyərin zədələnməsi aşkar edildi. Rentgen müayinəsi zamanı güllə yarasının 12-ci döş fəqərəsi ilə 1-ci fəqərə arasında diskə yaxın olduğu müəyyən edildi. Təcili qaydada əməliyyata götürüldü. Döş boşluğunda olan 300 ml qram qan götürüldü və sağ ağ ciyərin deşilmiş yeri tikilərək bərpa edildi. Xəstənin döş boşluğu drenaj edildi. Hal-hazırda xəstə süni tənəffüs aparatından ayrılıb reanimasiya palatasına köçürülüb, vəziyyəti ağırdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, R. Hacıyev bu gün saat 13:30 radələrində əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

İlham Əliyev: Xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib:

“Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra prezident müqəddəs "Qurani-Şərif"ə əl basaraq and içib:

"Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam".

Daha sonra Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

Marneulidə NATO Günləri çərçivəsində tədbir keçirilib

"Marneuli böyük potensialı, tarixi və gələcəyi olan şəhərdir. Marneuli şəhər ictimaiyyəti fəal olmaqla yanaşı, Gürcüstanın inkişafı prosesinə mümkün qədər çox dəstək verməyə hazırdır".
 

APA-nın yerli bürosunun məlumatına görə, bu sözləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze NATO Günləri çərçivəsində Marneulidə keçirdiyi görüşdə deyib. Nazir NATO Günləri çərçivəsində ilk görüşün Marneulidə keçirilməsindən məmnunluq ifadə edib. O, görüş iştirakçılarına Gürcüstanın avroatlantik məkana inteqrasiya prosesi və bu yolda əldə etdiyi tərəqqidən danışıb: "NATO bizim təhlükəsizliyimiz üçün seçimdir. Bizim müdafiə imkanlarını genişləndirmək hüququmuz var və aqressiya ilə mübarizə aparmaq üçün güclü dövlət olmalıyıq”.


M. Canelidze qeyd edib ki, Gürcüstan NATO və Aİ-yə heç zaman bu qədər yaxın olmayıb: "Bizim məqsədimiz bu əməkdaşlıq çərçivəsində daha çox sülh, sabitlik və təhlükəsizlik təmin etməkdir".


Sual-cavab formatında keçirilən görüşdə yerli idarəetmə orqanları, QHT və media nümayəndələri iştirak edib.


Tədbirə Kvemo Kartlinin qubernatoru Qriqol Nemsadze, Marneuli rayonunun icra başçısı Temur Abazov, Gürcüstanda NATO ofisinin rəhbəri Rozariya Pulisi də qatılıb.


Qeyd edək ki, Gürcüstanda dünəndən start götürmüş NATO Günləri may ayının 1-nə qədər davam edəcək. 

Gürcüstan DİN rəhbəri: “Təhlükəsizlik olmadan regionda iqtisadi inkişaf dayanıqlı ola bilməz”

"Təhlükəsizlik olmadan heç bir iqtisadi inkişaf tez və ən əsası dayanıqlı ola bilməz".

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan daxili işlər naziri Giorgi Qaxariya biznesmenlərlə görüşdə deyib.
 

Nazir iqtisadiyyatın vacib sahələrinin təhlükəsizliklə bağlılığını qeyd edib: “"iz kifayət qədər kəskin təhlükələrlə üz-üzə olan regionda yaşayırıq. Biz çox yaxşı başa düşürük ki, iqtisadiyyatın turizm və tranzit, energetika kimi sahələri təhlükəsizliklə birbaşa bağlıdır". 
 

G. Qaxariya iş adamlarını Daxili İşlər Nazirliyində həyata keçirilmiş islahatlarla tanış edib. 

Sabah prezident İlham Əliyevin andiçmə mərasimi keçiriləcək

Bu gün Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib.


APA-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən,İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.
 

Azərbaycan Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov andiçmə mərasiminin sabah olacağını bildirib.
 

Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

ABŞ ştatı Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

ABŞ-ın Arizona Ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyannamə qəbul edib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, sənəd Senatın plenar iclasında Senat sədrinin müavini senator Con Kavana (John Kavanagh) tərəfindən oxunduqdan sonra yekdilliklə qəbul olunub.

Bəyannaməni Senat sədri və müavini Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edib. 

Senat sədri Stiv Yarbrounun (Steve Yarbrough) imzaladığı bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də, dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır.
 
Sənəddə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu, eləcə də, ABŞ və BMT-nin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıdığı və dəstəklədiyi bildirilir.

Bəyannamədə ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Bəyannamədə 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına, terrorizm, narkotik vasitələrin qaçaqmalçılığı və insan alverinə qarşı mübarizədə uğurla əməkdaşlıq etdiyi bildirilir.

Bundan başqa, Azərbaycanın ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Sənəddə ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlər ilə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır. 

Sənəddə  qeyd olunur ki, Los-Ancelesdəki Baş Konsulluq vasitəsilə Azərbaycan Arizona ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda Arizona Ştat Senatı tərəfindən Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə bir daha qəti dəstək ifadə edilir və ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsinin önəmi qeyd olunur. 

 

Ermənilər kəndlərimizi atəşə tutublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 76 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Gürcüstanda prezidentliyə ilk namizəd məlum olub

Gürcüstanda bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərinə ilk namizəd irəli sürülüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, "Girçi-yeni siyasi mərkəz" adlı partiyanın lideri Zurab Caparidze videomüraciətində prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

O bildirib ki, "Girçi-yeni siyasi mərkəz" partiyası ölkədə əhəmiyyətli dəyişikliklərə nail olub. 

Qeyd edək ki, "Girçi-yeni siyasi mərkəz" partiyası 2016-cı ilin aprelində yaradılıb. Siyasi mübarizədə qeyri-adi metodları tətbiq edən partiyada Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin keçmiş tərəfdarları təmsil olunur. Siyasi təşkilat marixuananın istifadəsinin leqallaşdırılması təşəbbüsü ilə çıxış edib. Partiya həmçinin dini təşkilat təsis edərək, çağırışçıları din xadimi kimi qeydiyyata alaraq, onlara həqiqi hərbi xidmətdən azad olmaq üçün arayış təqdim edir.   

Cəbhədə silahlar susmur

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

Dalga tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Saytda Axtarış

Son xəbərlər