Ursula Fon der Lyayen: Avropa təcili olaraq silahlanmalıdır
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropanın təcili şəkildə yenidən silahlanmasının vacibliyini vurğulayıb və üzv dövlətlərin müdafiə xərclərini artırmaq üçün daha geniş maliyyə imkanlarına malik olmasının önəmini qeyd edib.
O, bu fikirləri Londonda Ukraynaya dəstək mövzusunda keçirilən sammitdən sonra səsləndirib. Ursula Fon der Lyayen bildirib ki, Avropa demokratiyanı qorumaq əzmini ABŞ-a da nümayiş etdirməlidir. O, uzun illər müdafiə sektoruna kifayət qədər investisiya qoyulmadığını xatırladaraq, bu sahəyə uzunmüddətli və davamlı sərmayənin vacibliyini vurğulayıb.
“Uzun müddət müdafiə sahəsinə lazımi qədər vəsait ayrılmayıb. İndi isə bu investisiyaları artırmaq olduqca mühümdür və bu proses davamlı olmalıdır”, – deyə o, Londondakı görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. Ursula Fon der Lyayen əlavə edib ki, üzv dövlətlərin müdafiə xərclərini artırması üçün daha geniş maliyyə resursları təmin edilməlidir.