Britaniya Ukraynaya 1,6 milyard funt sterlinq dəyərində raket almaq üçün dəstək verəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Londonda keçirilən Avropa liderlərinin sammitindən sonra hökumətin Ukraynaya 1,6 milyard funt sterlinq məbləğində ixrac maliyyəsi ayıracağını açıqlayıb. AZƏRTAC-ın məlumatına görə, bu vəsait Ukraynanın 5 mindən çox hava hücumundan müdafiə raketi almasına imkan yaradacaq. Starmer bu raketlərin Belfastda istehsal ediləcəyini və bunun Britaniyanın müdafiə sənayesində yeni iş yerlərinin açılmasına töhfə verəcəyini bildirib. O vurğulayıb ki, bu addım Ukraynanın danışıqlarda daha güclü mövqedən çıxış etməsinə dəstək məqsədi daşıyır.
Sammitdən sonra çıxış edən Baş nazir, Avropanın əsas yükü öz üzərinə götürməli olduğunu, lakin ABŞ-ın dəstəyinin də vacib qaldığını qeyd edib. Onun sözlərinə görə, Böyük Britaniya, Fransa və digər ölkələr Ukrayna ilə birgə işləmək barədə razılığa gəliblər ki, münaqişənin həllinə töhfə versinlər.
Görüş zamanı Ukraynada sülhün bərqərar olması və Rusiyanın gələcəkdə mümkün müdaxilələrinin qarşısının alınması üçün dörd əsas addımın atılması razılaşdırılıb. Bu çərçivədə Ukraynaya hərbi yardımın artırılması və Rusiyaya qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi qərara alınıb. Liderlər vurğulayıblar ki, uzunmüddətli sülh yalnız Ukraynanın suverenliyi və təhlükəsizliyi təmin edildikdə mümkün olacaq. Bundan əlavə, sammit iştirakçıları Rusiyanın gələcəkdə Ukraynaya təhdidlər yaratmasının qarşısını almaq üçün konkret tədbirlərin görülməsi barədə razılığa gəliblər. Bununla yanaşı, Ukraynanın müdafiə qabiliyyətini və ölkədə sabitliyi gücləndirmək məqsədilə “istəkli ölkələr koalisiyası”nın yaradılması planlaşdırılır.