Davit Şerazadişvili seçkiqabağı təşviqat çərçivəsində Faxralı kəndində görüş keçirib
“Gürcü Arzusu” partiyasının Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili Bolnisi bələdiyyəsinin Talaveri (Faxralı) kənd sakinləri ilə görüşüb, onları seçki proqramının əsas prioritetləri ilə tanış edib.
Bu barədə 24News.ge xəbər portalına hakim partiyanın Bolnisi qərargahının mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Şerazadişvili deyib: “Bölgəmiz çoxetnik əhalisi ilə fərqlənir və biz çox vaxt deyirik ki, müxtəlifliyimiz sərvətimizdir. Burada müxtəlif dinlərdən və millətlərdən olan insanlar əsrlər boyu sülh və dostcasına bir yerdə yaşayırlar. Bir-birimizin mədəniyyətinə, adət-ənənələrinə hörmət edir, bayramları birlikdə qeyd edirik. Əminəm ki, 26 oktyabrda biz birlikdə qalib gələcəyik və sülh yolu ilə inkişaf etməyə davam edəcəyik”.
Davit Şerazadişvili, həmçinin əslən Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan Əflatun Amaşova səfərinə və dəstəyinə görə təşəkkür edib.