İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər
Fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Türkiyə Prezidenti çıxış edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı:
“Hörmətli cənab Prezident, əziz Qardaşım.
Hörmətli nazirlər, hörmətli mətbuat nümayəndələri.
Sizləri ən səmimi hisslərlə, hörmətlə, məhəbbətlə salamlayıram.
Əziz Qardaşım İlham Əliyevi xalqının yüksək etimadı ilə beşinci dəfə Can Azərbaycanın Prezidenti seçilməsi münasibətilə bir daha təbrik edirəm.
İlham qardaşımın prezident seçilməsindən dərhal sonra ilk rəsmi xarici səfərini Türkiyəyə etməsindən böyük məmnunluq duyuram.
Bildiyiniz kimi, fevralın 7-də keçirilən prezident seçkiləri ilk dəfə Azərbaycanın suveren torpaqlarının hamısında keçirilməsi ilə əlaqədar tarixi bir önəmə sahibdir. Seçkilərin nəticələrinin Türkiyə-Azərbaycan münasibətləri və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını diləyirəm.
Azərbaycan seçkilər ərəfəsində, təəssüf ki, bəzi haqsızlıqlara məruz qaldı. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik. Assambleyanın münaqişə yox, parlament demokratiyasını gücləndirəcək bir dialoq platforması olmasının vacibliyini vurğulamaqda davam edəcəyik. Qəbul olunan qərar ləğv edilənə qədər Azərbaycana dəstəyimizi və bu istiqamətdəki səylərimizi davam etdirəcəyik.
Hörmətli mətbuat nümayəndələri, əziz Qardaşımla görüşlərimizdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini nəzərdən keçirdik, regional və beynəlxalq məsələləri dəyərləndirdik.
Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik.
Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır.
Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfərim zamanı hörmətli Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunu bu düşüncə ilə imzaladıq.
TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm.
Hörmətli mətbuat nümayəndələri, görüşlərimizdə Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik. Fürsətdən istifadə edərək bir neçə gün əvvəl iki ölkənin sərhədində baş verən hadisələrin bir daha yaşanmamasına ümid etdiyimizi də bildirmək istəyirəm. Azərbaycan Ordusunun yaralanan əsgər qardaşımıza tezliklə şəfa tapmasını diləyirəm.
Görüşlərimizdə İsrailin Qəzzada bütün insanlıq dəyərlərini və beynəlxalq hüququ ayaq altına alan qətliamlarını və bölgəmizi maraqlandıran digər münaqişələri də müzakirə etdik.
Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında Təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm.
Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.
Əziz Qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 320 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq.
Çıxışımın sonunda dəyərli Qardaşım Əliyevə səfərə görə bir daha təşəkkür edirəm. Rəbbim məhəbbətimizi və qardaşlığımızı daimi etsin”.