Münhendə İlham Əliyev ilə ABŞ-nin Dövlət katibi Antoni Blinkenin görüşü olub
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan Antoni Blinken dedi: Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm.
Prezident İlham Əliyev dedi: Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm.