Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev İli”nin yekunlarına və Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 23-də Azərbaycanın Gürcüstandakı səfirliyində “Heydər Əliyev İli”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstanda müxtəlif sahələrdə çalışan və fərqlənən soydaşlarımız, ictimai-siyasi xadimlər, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbirdə çıxış edərək xatırladıb ki, 2023-cü il Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev İli” elan olunub. Bununla əlaqədar dünyanın bir sıra ölkələrində, eləcə də Gürcüstanda silsilə tədbirlər keçirilib. Diplomat Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, dünya siyasi sistemindəki yüksək mövqeyi, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətləri, eləcə də bu ölkədə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verib.

Bildirilib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dost və qonşu Gürcüstan ilə münasibətlər də yeni müstəvidə inkişaf edib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirməsi nəticəsində iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Səfir Azərbaycan dövlətinin soydaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb, bu gün Gürcüstanda minlərlə soydaşımızın Azərbaycan dövlətinin maliyyəsi hesabına ali təhsil aldıqlarını diqqətə çatdırıb.

O, eyni zamanda, soydaşlarımızın Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə fədakarlığından bəhs edib.

Ölkələrimiz arasında siyasi, iqtisadi-ticarət münasibətlərinə toxunan F.Quliyev deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi durmadan artır və qarşıdakı illər ərzində 2 milyard dollara çatdırılmasını qarşıya məqsəd qoymuşuq.

Mədəni əlaqələrdən danışan diplomat Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının təməli qoyulduğunu qeyd edib.

Sonra “Heydər Əliyev İli” çərçivəsində fərqlənən ictimai-siyasi xadimlər, müəllim və jurnalistlər xüsusi təşəkkürnamə ilə mükafatlandırılıb.
AZTVnin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğluna da xüsusi təşəkkürnamə təqdim edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey