Batumidə “Dostluğun siması” adlı sənədli filmin təqdimatı olub
Batumi şəhərində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevə həsr olunmuş və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çəkilmiş “Dostluğun siması” adlı sənədli filmin təqdimatı olub.
Aktual.ge xəbər verir ki, film fenomen şəxsiyyət, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edir.
Tədbirdə Gürcüstanın dövlət və hökumət üzvləri, Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Zaza Şavadze, Türkiyənin Batumi şəhərindəki baş konsulu Rıza Kağan Yılmaz, SOCAR-ın əməkdaşları, yerli siyasətçilər və ictimai xadimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Azərbaycanın Batumidəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vəfatının 20-ci ildönümündə xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dahi şəxsiyyətdir:
“Məhz Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.
Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Zaza Şavadze çıxışında ölkələrimiz arasındakı dostluq münasibətlərindən, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib:
“Bu gün münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Heydər Əliyev 20-ci əsrin görkəmli liderlərindən biri idi. Onun həyatı bir daha sübut edir ki, Heydər Əliyev ölkənin tarixində və inkişafında böyük əhəmiyyət kəsb edib. Ölkəyə ağır vaxtlarında başçılıq edərək ona yenidən sülh, iqtisadi və siyası müstəqilliyi qazandırmışdır. Hazırda Azərbaycan Respublikası bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda da öz çoxəsirli ənənələrini qoruyub saxlayıb”.
Filmin ssenari və ideya müəllifi Şahismayıl Şəmmədoğlu bildirib ki, bu günədək Azərbaycan-Gürcüstan münasibətlərinə dair bir neçə film çəkilib:
“Lakin bu film ölkələrimiz arasındakı əlaqələrin inkişafı və münasibətlərin möhkəmlənməsində xüsusi rolu olan fenomen şəxsiyyət Heydər Əliyevin fəaliyyətindən bəhs edən sanballı sənət əsəridir. Filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə və yardıma görə, Azərbaycanın Gürcüstandakı səfirliyinə və digər şəxslərə minnətdarlığını bildirirəm”.
Maraqla izlənilən filmin quruluşçu rejissoru Elnur Vəlizadə isə çəkiliş zamanı qarşılaşdıqları epizodları xatırladıb və edilən dəstəyə görə təşəkkürlərini ifadə edib.
Filmdə Azərbaycan və Gürcüstanın dövlət və hökumət rəsmilərinin, azərbaycanlı və gürcü siyasətçilərin, elm və ictimaiyyət xadimlərinin Ulu Öndərlə, onun müəllifi olduğu layihələr, ideyalarla bağlı fikirləri əksini tapıb.
Filmin quruluşçu rejissoru və operatoru Elnur Vəlizədə, redaktoru AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizovdur.