Tbilisidə gənc müəllimin gürcü dilini öyrənənlər üçün hazırladığı kitablarının təqdimatı olub
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanda pedoqoji fəaliyyətlə məşğul olan gənc müəllimə Gülnar Məmmədovanın gürcü dilini öyrənənlər üçün hazırladığı kitabların təqdimatı olub.
“Dalğa tv” AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə ziyalılar, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, tələbə-gənclər iştirak ediblər.
Muzeyin direktorunun müavini Leyla Əliyeva bildirib ki, kitablar gürcü dilinin qrammatikasını öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulub.
“Gürcü-Azərbaycan dilində praktiki danışıq”, “Gürcü dilinin qrammatikası”, “Gürcü dilində feillər Azərbaycan və gürcü dilində” (birinci və ikinci cildlər) adlı kitablar gürcü dilini öyrənmək istəyənlər üçün çox yaxşı dərs vəsaitidir.
Müəllif G.Məmmədova deyib ki, kitabları hazırlamaqda əsas məqsəd gürcü dilini öyrənmək istəyən azərbaycanlılara kömək göstərməkdir. Kitablarda gürcü dilinin qrammatikası, sözlərin, xüsusən feillərin düzgün tələffüzü, işlənməsi və yazılış qaydaları, eləcə də praktiki qaydalar aydın göstərilib.
Sonra muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva, jurnalist Şahismayıl Məmmədov, AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov, pedaqoqlardan Növrəstə xanım və başqaları çıxış edərək kitab və onun müəllifi ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, bu kitablar gürcü dilini öyrənmək istəyən soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayacaq.