İlham Əliyev Münhendə dəyirmi masada çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı dəyirmi masada çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
– Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir.
Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni – Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə – Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya – bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.
Bu arada, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.
Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan qazı onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.
Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, – cənab Birol çox maraqlı məlumat verdi, – neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq.
Son olaraq bərpaolunan enerji ilə bağlı. Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin. Bu məsələni diqqətə çatdırmaq üçün yaratdığınız imkana görə təşəkkür edirəm.