Əliyev və Qaribaşvili arasında görüşün detalları açıqlandı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Azərbaycanda səfərdə olan ölkəmizin Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən qəbul zamanı İlha Əliyev baş naziri salamlayıb və səfərin uğurlu olacağına ümid etdiyini bildirib:

“Cənab Baş nazir, Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfər çox uğurlu olacaq və bizim qardaşlıq münasibətlərimizi gücləndirəcək. Xalqlarımız arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır.

Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir. Çox şadam ki, bizi ziyarət edirsiniz. Sizə möhkəm can sağlığı arzulayıram. Bilirəm ki, bu yaxınlarda koronavirusa yoluxmuşdunuz. Çox şadam ki, tamamilə sağalmısınız. Bu, sizin Azərbaycana səfərinizin bir az təxirə salınmasının səbəbi idi”, – deyə İ. Əliyev bildirib.

Daha sonra İrakli Qaribaşvili xoş qəbula görə, İ. Əliyevə təşəkkür edib və onu Gürcüstana dəvət edib:

“Cənab Prezident, məni qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizinlə yenidən Bakıda görüşmək böyük məmnuniyyət və şərəfdir. Qeyd etdiyiniz kimi, biz səfərimizi mənim koronavirusa yoluxmağım səbəbindən təxirə salmaq məcburiyyətində olduq.

Lakin şadam ki, bu gün Bakıdayıq. Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir. Biz bir-birimizə çox bağlıyıq və qarşılıqlı əlaqədəyik.

Qeyd etdiyiniz kimi, biz birlikdə bəzi ən mühüm əhəmiyyət kəsb edən tarixi layihələri icra etmişik. Ona görə də, biz münasibətlərimizi və qardaşlığımızı gücləndirəcək daha çox layihələrin birgə icrasını davam etdirməkdə tamamilə qətiyyətli və həvəsliyik.

Bir daha mənim başçılıq etdiyim nümayəndə heyətini burada, Bakıda qəbul etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən fürsətdən istifadə edərək Sizin üçün münasib vaxtda bizi Tbilisidə ziyarət etmək üçün Sizi səfərə dəvət etmək istərdim. Çox sağ olun”, – deyə Baş nazir İ. Qaribaşvili bildirib.

Xatırladaq ki, ölkəmizin baş naziri İrakli Qaribaşvili səfər çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüş keçirəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey