Tbilisidə qala konsertdə Azərbaycanın milli musiqi nümunələri təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunan “Tbilisoba” şəhər festivalı çərçivəsində ötən gün möhtəşəm qala konsert keçirilib.

“Dalğa tv” “Report”a istinadən xəbər verir ki, Orbeliani meydanında qurulan səhnədə tamaşaçılara müxtəlif janrlarda mahnı və rəqslər təqdim olunub.

Qala konsertin ən yaddaqalan və rəğbətlə qarşılanan nömrəsi Tbilisi şəhərinin tolerantlığına həsr edilən kompozisiya olub. Sintez olunmuş kompozisiyada Azərbaycanın milli musiqi nümunələrinə geniş yer verilib.

Səhnədə çıxış edən aşıq Nargilə Mehtiyeva və gənc tarzən Ramin Pirməmmədov ifaları ilə musiqi nömrəsinə möhtəşəmlik qatıblar. N.Mehtiyeva “Misri Koroğlu” havasını, R.Pirməmmədov isə “Bayatı-Şiraz” muğamından parçalar ifa edib.

Musiqi əsərinin müəllifi, Gürcüstanın tanınmış bəstəkarı Mişa Mdinaradze “Report”a açıqlamasında bildirib ki, kompozisiyanın əsas ideyası Tbilisidə tarixən mövcud olan tolerantlıq ənənəsini fərqli formada təqdim etməkdir.

Bəstəkarın sözlərinə görə, tolerantlıq hər bir tbilisiliyə xas olan xüsusiyyətdir: “Bəlkə də Tbilisinin bəzi sakinləri bu xüsusiyyəti biruzə vermir, lakin onların ürəklərinin dərinliklərində bu hiss yaşayır. Şəhər sakinlərinə təqdim etdiyimiz kompozisiya ilə dözümlülük hissini bir daha onlara aşılamağa çalışdıq”.

Musiqi nömrəsini çoxsaylı tamaşaçılar böyük diqqətlə dinləyərək alqışlarla qarşılayıblar. Tamaşaçılar arasında Gürcüstanın baş naziri Giorgi Qaxaria, Tbilisi meri Kaxa Kaladze, Şəhər Şurasının rəhbəri Giorgi Tkemaldze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər olub.

Qala konsertə atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, “Tbilisoba” bayramı çərçivəsində mərkəzi Rike parkında təşkil olunan konsertdə “Ceyran” rəqs ansamblı Azərbaycanın milli “Qarabağ”, “Məzəli rəqs”, “Uzundərə”, “Sarı gəlin”, “Nəlbəki” və gürcü rəqsləri ilə çıxış edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey