Gürcüstanın dövlət agentliyinin regional bölməsinə azərbaycanlı rəhbər təyin olunub
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində regional bölməsi yaradılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Abay Paşayev bölmənin rəhbəri təyin olunub.
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze yerli hakimiyyət və ictimaiyyət nümayəndələrinə regional bölmə barədə məlumat veriblər.
Bildirilib ki, Kvemo Kartli bölgəsində yaradılan bölmə Dini Məsələlər üzrə Dövlət Agentliyinin ilk regional ofisidir. Bölmə hakimiyyət orqanları ilə yerli dini icmalar arasında fəaliyyəti koordinasiya etməklə yanaşı, bu sahədə mövcud çatışmazlıqları da müəyyən edəcək.
Dini Məsələlər üzrə Dövlət Agentliyinin Acarıstan Muxtar Respublikası və Samtsxe Cavaxeti bölgəsində də regional ofislərinin açılacağı nəzərdə tutulub.
Qeyd edək ki, A.Paşayev uzun illər təhsil sahəsində çalışıb. O həmçinin “Gürcüstan azərbaycanlılarının vətəndaş inkişaf mərkəzi” adlı qeyri-hökumət təşkilatının sədridir.