Biznes ombudsman: “Gürcüstan-Azərbaycan biznes əlaqələri daha da dərinləşdirilməlidir”
“Gürcüstan və Azərbaycan arasında biznes əlaqələr daha da dərinləşdirilməlidir”.
Bunu Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşdə bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında biznes sahəsində əməkdaşlığın inkişaf etdirilməsi çox önəmlidir.
Görüşdə “Caspian European Club”un direktoru Telman Əliyev və “Caspian Energy İnternational Media Group”un baş direktoru Rasim Mahmudov da iştirak ediblər. Tərəflər Gürcüstan və Azərbaycan arasında biznes əlaqələr və Gürcüstandakı Azərbaycan şirkətlərinin fəaliyyətləri barədə müzakirə aparıblar. Görüşdə biznes ombudsmana Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini narahat edən məsələlər barədə də məlumatlar təqdim olunub.
Bildirilib ki, İ.Lekvinadze “Caspian European Club”un təşkil etdiyi regional investisiya forumlarına qatılacaq.
Tərəflər həmçinin gələcək əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.