Nazir: “Gürcüstan və Azərbaycan bölgədə sülh və təhlükəsizliyi birgə təmin edir”

“Gürcüstan və Azərbaycan bölgədə sülh və təhlükəsizliyi birgə təmin edir”.

Bunu “Report”un yerli bürosunun sualına cavabında Gürcüstanın müdafiə naziri Levan İzoria “NATO-Gürcüstan 2019” təlimi çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan NATO-nun Gürcüstandakı builki təliminə qoşulmuş qonşu dövlətlərdən biridir: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və təlimlərdə bu ölkənin iştirakı böyük önəm daşıyır. Gələcəkdə Gürcüstanda keçiriləcək hərbi təlimlərdə region ölkələrinin iştirakının daha da genişlənməsini arzulayırıq”.

NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanlığının nümayəndəsi, Admiral Manfred Nielson da, öz növbəsində, Azərbaycanın Alyansın təliminə qatılmasının böyük əhəmiyyətə malik olduğunu bildirib: “Azərbaycan Gürcüstana qonşu ölkədir və azərbaycanlı hərbçilərin təlimdə iştirakı hər iki ölkənin hərbi sahədə sıx əməkdaşlıq etdiyini aydın göstərir”.

Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri Mamuka Baxtadze, Prezident Salome Zurabişvili, müdafiə naziri Levan İzoria “NATO-Gürcüstan 2019” təliminin keçirildiyi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkiblər. Rəsmi qonaqlar və diplomatik korpusun nümayəndələri təlimin gedişi ilə tanış olublar. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov və onun müavini Elcan İmamverdiyev də iştirak ediblər.

Xatırladaq ki, “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinə martın 18-də start verilib. Sabah başa çatacaq təlimlərə 24 ölkə – Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən olan, ümumilikdə, 350-yə yaxın hərbçi qatılıb.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey