Paşinyan: “Əgər ‘Sülh yollarının kəsişməsi’ layihəsi həyata keçərsə, Fars və Oman körfəzlərini birləşdirən dəmir yolu bağlantısı mümkün olacaq.”
Ermənistanın baş naziri Nikol Paşinyan İran dövlət televiziyasına müsahibəsində bildirib ki, “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi Fars körfəzi ilə Oman körfəzini dəmir yolu vasitəsilə birləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu layihə İranın Ermənistan ərazisindən keçməklə Qara dənizə və daha sonra Qərbə çıxış əldə etməsinə şərait yarada bilər.
Paşinyan qeyd edib ki, Ermənistan-İran dəmir yolunun inşası uzun illərdir müzakirə olunur, lakin çətin relyef səbəbindən bu layihə böyük maliyyə vəsaiti tələb edir. Hazırkı şəraitdə isə mümkün yükdaşımaların bu xərcləri qarşılayacağına dair yetərli iqtisadi əsas yoxdur.
O, əlavə edib ki, regionda şərqdən qərbə və şimaldan cənuba böyük həcmdə yüklərin daşınması gözlənilir. Əgər regional nəqliyyat və iqtisadi kommunikasiyalar açılarsa, yük axını o qədər artacaq ki, Ermənistan, İran, Azərbaycan və Türkiyənin mövcud infrastrukturu bu tələbatı tam qarşılamaqda çətinlik çəkəcək. Bu isə yeni nəqliyyat və infrastruktur layihələrinin hazırlanması üçün yaxşı fürsət yaradır.