İranın Gürcüstandakı səfiri sosial media paylaşımlarına görə XİN-ə çağırılıb
İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moujani sosial mediada yaydığı açıqlamalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Gürcüstan XİN məlumat yayıb.
Məlumata görə, xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüş zamanı səfirə açıqlamalarının diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını və ictimai əhvali-ruhiyyəyə mənfi təsir göstərdiyini bildirib. Nazir müavini İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və oxşar halların təkrarlanmayacağına ümid etdiyini vurğulayıb.
Görüşdə qeyd olunub ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərin normalarına riayət etməli, qəbul edən ölkənin tarixi və daxili məsələləri ilə bağlı şərhlərdən çəkinməlidirlər.
Qeyd edək ki, Seyid Əli Moujani “Facebook” səhifəsində Tbilisidəki İran səfirliyinin fasadında Gürcüstan kraliçası Ketevanın təsvirinin nümayiş etdirildiyini bildirib.
Səfir paylaşımında Ketevanın tarixi ilə bağlı ilkin araşdırma apardığını, İran və Gürcüstanda qorunan sənədləri və tarixi mənbələri öyrəndiyini qeyd edib. O, araşdırmanın nəticələrini gələcəkdə paylaşacağını bildirərək təqdim olunacaq materialların rəsmi mövqeyi deyil, bir tarixçi kimi şəxsi baxış və qiymətləndirmələrini əks etdirəcəyini vurğulayıb.
