Vens: ABŞ İrana qarşı gizli təzyiq vasitələrindən də istifadə edə bilər
ABŞ İrana təzyiq göstərmək üçün iqtisadi, hərbi və diplomatik vasitələrlə yanaşı, gizli əməliyyatları da nəzərdən keçirir.
Dalğatv “APA” ya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirdiyi brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Vensə Vaşinqtonun Tehrana təzyiq göstərmək məqsədilə gizli əməliyyatlara əl atmasının mümkün olub-olmadığı barədə sual ünvanlanıb.
ABŞ vitse-prezidenti administrasiyanın İranla bağlı gələcək addımlarının detallarını açıqlamaqdan imtina edib. O bildirib ki, belə məlumatların əvvəlcədən ictimailəşdirilməsi Prezident Donald Trampın qərar qəbul etmək imkanlarını məhdudlaşdıra bilər.
“Mən qarşıdakı aylar və illər ərzində İranla konkret olaraq necə davranacağımızı açıqlamayacağam. Çünki bu, Prezidentin qərar qəbul etmək imkanlarını məhdudlaşdırar. Lakin biz bütün mümkün variantları – iqtisadi, hərbi, diplomatik və gizli təzyiq vasitələrini nəzərdən keçiririk”, – Vens bildirib.
Vitse-prezident bununla yanaşı, ABŞ administrasiyasının yekunda hansı vasitəyə üstünlük verəcəyi barədə qərarın Prezident Donald Tramp tərəfindən veriləcəyini vurğulayıb.
Qeyd edək ki, Vaşinqton son dövrdə İrana qarşı iqtisadi və hərbi təzyiqi artırıb. ABŞ administrasiyası Tehranla bağlı mümkün növbəti addımların bütün variantlarının nəzərdən keçirildiyini bildirir.
