Ukrayna HDQ Soçi limanında Rusiyaya məxsus təminat gəmisinin vurulduğunu açıqlayıb
Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) Rusiyanın Soçi şəhərində yerləşən limanda “Nefrit” adlı çoxməqsədli təminat gəmisinə zərbə endirildiyini açıqlayıb.
“Dalgatv” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Rusiya bayrağı altında üzən gəmi Ukrayna HDQ-nin idarə etdiyi pilotsuz dəniz vasitəsi ilə hədəfə alınıb. Zərbə nəticəsində gəminin yerləşdiyi ərazidə güclü partlayışın baş verdiyi və tüstülənmənin müşahidə olunduğu bildirilir.
Ukrayna tərəfinin açıqlamasında qeyd olunur ki, “Nefrit” Rusiyanın dəniz və enerji infrastrukturunun fəaliyyətində istifadə edilən çoxməqsədli təminat gəmisidir. Gəmi neft-qaz əməliyyatlarının təmin olunması, dənizdəki obyektlərə texniki xidmət göstərilməsi, yük və personalın daşınması, eləcə də sualtı-texniki işlərin həyata keçirilməsi üçün istifadə edilib.
Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin fəaliyyətinin Rusiyanın hərbi-iqtisadi infrastrukturuna və logistika imkanlarına xidmət etdiyini bildirib.
HDQ-nin qiymətləndirməsinə görə, “Nefrit” gəmisinə endirilən zərbə Rusiyanın logistika və xüsusi dəniz imkanlarına, eləcə də hərbi-iqtisadi infrastrukturuna zərər vurmağa yönəlib.
Hadisənin nəticələri və gəminin aldığı zərərin miqyası barədə Rusiya tərəfindən təsdiqlənmiş ətraflı məlumat hələlik açıqlanmayıb.
