Tramp Putinin G20 sammitinə dəvət olunması məsələsinə münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin bu ilin dekabrında ABŞ-də keçiriləcək G20 Liderlər Sammitində iştirakı məsələsi ilə bağlı hələ yekun mövqe formalaşdırmadığını bildirib.

Tramp bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.

Rusiya liderinin sammitə dəvət olunmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran ABŞ Prezidenti məsələnin hələ nəzərdən keçirilmədiyini qeyd edib.

“Mən hələ bu barədə düşünməmişəm”, – Tramp bildirib.

Bundan əvvəl “The Washington Post” ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən Vaşinqton administrasiyasının Putini G20 Liderlər Sammitinə dəvət etmək niyyətində olduğunu yazıb. Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Rusiyanın G20 üzvü olduğunu və ölkənin təşkilat çərçivəsində keçiriləcək görüşlərdə iştirak üçün dəvət alacağını bildiriblər.

Tramp daha əvvəl jurnalistlərlə söhbəti zamanı Putinin G20 sammitində mümkün iştirakına müsbət yanaşdığını ifadə edib. ABŞ Prezidenti Rusiya liderinin sammitə qatılmasının “faydalı ola biləcəyini” deyərək, beynəlxalq məsələlərin həlli üçün tərəflər arasında dialoqun vacibliyini vurğulayıb.

G20 Liderlər Sammitinin dekabrın 14-15-də Florida ştatında, Mayami yaxınlığındakı “Trump National Doral” kompleksində keçirilməsi planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildən bəri G20 liderlərinin sammitində şəxsən iştirak etməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey