Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbsxanadan növbəti məktubunu yayıb.
“Dalğatv” xəbər verir ki, Qaribaşvili məktubunda daha əvvəl ictimailəşdirdiyi yazı ilə bağlı bir sıra açıqlamalar verib.
Eks-premyerin iddiasına görə, əvvəlki məktub “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze tərəfindən yaxın dostu vasitəsilə onun ailə üzvlərindən birinə çatdırılıb. Qaribaşvili Mdinaradzeni, günahsız insanların zərər görməsini istəmədiyi təqdirdə, yalan məlumatlar yaymaqdan çəkinməyə və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Qaribaşvili hakimiyyəti ona qarşı “çirkli təxribat” təşkil etməkdə və “tələ qurmaqda” ittiham edib. O bildirib ki, vaxtilə hakimiyyətə səmimi şəkildə etibar edib və onun arxasınca gedib, lakin sonradan aldadıldığını və qurban verildiyini düşünüb.
Keçmiş baş nazir, həmçinin 75 yaşlı atasının saxlanılması ehtimalının ona artıq ikinci dəfə xatırladıldığını iddia edib.
Qaribaşvilinin sözlərinə görə, sosial şəbəkələrdə və televiziya kanallarında onun əleyhinə “təşkil olunmuş, ləyaqətsiz və böhtan xarakterli kampaniya” aparılır. O, özünü ölkəyə, siyasi komandasına və Bidzina İvanişviliyə xəyanət etmiş şəxs kimi təqdim etmək cəhdlərinin nəticə vermədiyini bildirib.
Eks-premyer gürcü şairi Vaja-Pşavelanın məşhur ifadəsinə istinad edərək heç vaxt ölkəsinin əleyhinə fəaliyyət göstərmədiyini və gələcəkdə də belə bir addım atmayacağını vurğulayıb. O, hakimiyyət nümayəndələrinə müraciət edərək onları ittiham və açıqlamalara son qoymağa çağırıb.
Qaribaşvili məktubunda həbsxanada da ona qarşı təzyiqlərin davam etdiyini iddia edib. Onun sözlərinə görə, ondan korrupsiya ittihamını qəbul etməsi tələb olunur və bunun əsas məqsədi onun siyasi fəaliyyətdən birdəfəlik uzaqlaşdırılmasıdır.
Keçmiş baş nazir heç kimə qarşı mübarizə aparmadığını, yalnız özünü və ailəsini müdafiə etdiyini qeyd edib.
“Artıq səkkiz aydır ki, həbsxanada səssiz otururam. İctimaiyyət qarşısında bir kəlmə belə danışmamışam. İndi isə deyirəm: mən heç kimlə mübarizə aparmıram, yalnız özümü və ailəmi müdafiə edirəm”, – deyə Qaribaşvili məktubunda bildirib.
