Gürcüstan və Azərbaycan arasında enerji və nəqliyyat sahələrini əhatə edən hərtərəfli strateji sazişlər paketi imzalanıb.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda keçirilən görüşlərdən sonra açıqlama verib.

Nazirin sözlərinə görə, sənədlər iki ölkə hökumətləri arasında bir neçə ay davam edən uğurlu danışıqların nəticəsi olaraq imzalanıb. Sazişlər paketi çərçivəsində Gürcüstana Azərbaycandan təbii qaz tədarükünün 20 il müddətinə uzadılması, elektrik enerjisinin ötürülməsi və tranziti, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələləri yer alıb.

Bildirilib ki, 2003-cü ildə imzalanmış və Azərbaycandan əlavə qaz alqı-satqısını nəzərdə tutan müqavilənin müddəti başa çatdığından, yeni sazişin daha 20 il müddətinə uzadılması Cənubi Qafqaz qaz kəməri layihəsi çərçivəsində strateji əməkdaşlığın davamı baxımından xüsusi əhəmiyyət daşıyır.

Səfər çərçivəsində Bakı–Supsa neft kəmərinin Gürcüstan hissəsi üzrə yeni əməliyyat müqaviləsi də imzalanıb. Qeyd olunub ki, bu razılaşma Mərkəzi Asiyadan Gürcüstan üzərindən Avropaya neft tranzitinin bərpasına və ölkə büdcəsinə əlavə gəlirlərin təmin olunmasına şərait yaradacaq.

Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Bakı–Tbilisi–Qars dəmir yolunun yeni hissəsi tam istismara veriləcək. Bundan əlavə, altı illik fasilədən sonra Bakı və Tbilisi arasında gündəlik sərnişin qatarlarının hərəkəti 26 may tarixindən etibarən bərpa olunacaq.

Mariam Kvrivişvili vurğulayıb ki, Azərbaycanla enerji sektorunda imzalanmış hərtərəfli sazişlər tarixi əhəmiyyət daşıyır və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə, həmçinin Gürcüstanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcək.

Sənədləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə yanaşı, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey