Tramp Yaponiya dəstəkli ilk 36 milyard dollarlıq ABŞ layihələrini təqdim edib

ABŞ Prezidenti Donald Tramp ötən il əldə edilmiş ikitərəfli ticarət razılaşması çərçivəsində Yaponiya tərəfindən dəstəklənən ilk investisiya layihələrinin təqdimatını edib. Bu layihələr üzrə ümumilikdə təxminən 36 milyard ABŞ dolları məbləğində təşəbbüslər irəli sürülüb.

Dalğatv “AZƏRTAC”a   istinadən  xəbər verir ki, ABŞ administrasiyasının məlumatına əsasən, ilkin mərhələ strateji əhəmiyyətli üç iri layihəni əhatə edir. Bunlara Texas ştatında neft və qaz obyektlərinin inkişafı, Ohayo ştatında elektrik enerjisi istehsalı infrastrukturu, eləcə də Corciya ştatında kritik minerallar üzrə istehsal güclərinin yaradılması daxildir.

ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirib ki, Ohayo layihəsi tarixdə ən böyük təbii qaz infrastrukturu təşəbbüslərindən biri olacaq və 9,2 giqavat həcmində elektrik enerjisi istehsal gücü təmin edəcək. O, həmçinin Meksika körfəzində dərin sulu xam neft ixrac terminalının yaradılması və sintetik sənaye almazlarının istehsal gücünün formalaşdırılması planlarının da nəzərdə tutulduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, dərin sulu ixrac terminalı ABŞ-yə hər il 20–30 milyard ABŞ dolları dəyərində əlavə xam neft ixracı imkanı yarada bilər.

Prezident Donald Tramp layihələrin həyata keçirilməsində tarif siyasətinin rolunu xüsusi vurğulayaraq qeyd edib ki, “bu layihələr çox böyükdür və tariflər olmadan reallaşdırıla bilməzdi”.

Yaponiyanın Baş naziri Sanae Takaiçi də layihələrlə bağlı açıqlamaları təsdiqləyib. O bildirib ki, qaz infrastrukturu süni intellekt məlumat mərkəzlərinin enerji təminatına töhfə verəcək. Baş nazir əlavə edib ki, yarımkeçirici, avtomobil və aviasiya sənayesində istifadə olunan sintetik almaz istehsalı müəyyən ölkələrdən asılılığın azaldılmasına xidmət edəcək.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava isə Ohayo qaz infrastrukturu layihəsinə təxminən 33,3 milyard ABŞ dolları sərmayə qoyulacağını bildirib. Onun sözlərinə görə, xam neft ixrac imkanlarının genişləndirilməsinin dəyəri 2,1 milyard dollar, sintetik almaz istehsalı layihəsinin isə təxminən 600 milyon dollar olacağı qiymətləndirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey