Avropa Komissiyası: “Gürcüstan hakimiyyəti reallığa baxmalıdır”
Avropa Komissiyasının sözçüsü Anita Hipper bu gün Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına cavab verib.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Gürcüstan hakimiyyətinin nümayəndələri reallığı dərk etməli və öz fəaliyyətlərinə obyektiv qiymət verməlidirlər.
“Gürcüstan hakimiyyətinin nümayəndələri güzgüyə baxıb reallığa nəzər salsalar, yaxşı olardı. Onlar dinc vətəndaşlara, mediaya və jurnalistlərə qarşı yönəlmiş repressiv rejim yolunu tutublar. Əgər siz öz demokratiyanıza və davranış prinsiplərinizə inanırsınızsa, nə siyasi rəqiblərinizi, nə də günahsız insanları həbs etməyə ehtiyac hiss etməzsiniz,” – deyə Anita Hipper vurğulayıb.
Avropa Komissiyasının sözçüsü həmçinin “Gürcü Arzusu” partiyasını cəmiyyətlə dialoqa qayıtmağa və zorakılığın daha da artmasının qarşısını almağa çağırıb.
Xatırladaq ki, bu gün Parlamentin sədri Şalva Papuaşvili bəyan etmişdi ki, “bu həbslərə görə mənəvi və siyasi məsuliyyət Gürcüstandakı Avropa İttifaqı səfirinə və Finlandiyanın xarici işlər nazirinə aiddir”.
