Baş nazir İrakli Kobaxidze keçmiş komanda üzvlərinin evlərində aparılan axtarışlarla bağlı ilk açıqlamasını verdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabiq Baş nazir İrakli Qaribaşvili, keçmiş Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və digər keçmiş yüksək vəzifəli şəxslərin evlərində aparılan axtarışlarla bağlı jurnalistlərə ilk açıqlamasını verib.
Aktual.ge xəbər verir ki, Baş nazir məsələ ilə bağlı ətraflı şərh verməkdən imtina edib və qeyd edib ki, bu barədə məlumat vermək səlahiyyəti yalnız istintaq orqanlarına məxsusdur.
“Mənim suallarım vardı, onları verdim və cavablar aldım. Cavabım var, amma sizə deyil. Yalnız istintaq orqanları bu məsələ ilə bağlı əlavə məlumat yayımlaya bilər”, – deyə İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, İrakli Qaribaşvilinin, Qriqol Liluaşvilinin, Otar Partsxaladzenin, Romeo Mikuatsadzenin, Mixeil Çoxelinin, Vano və Tornikə Parkaulilərin, eləcə də Sandro Liluaşvilinin evlərində axtarışlar aparılıb. Axtarışlar zamanı ümumilikdə 7 milyon 2 min 200 ABŞ dolları, 136 min lari və müxtəlif qiymətli əşyalar müsadirə edilib.