İrakli Kobaxidze: “Avropa Parlamentinin qətnaməsi utancvericidir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin ölkə ilə bağlı qəbul etdiyi son qətnaməyə münasibət bildirib. O, sənədi “utancverici” adlandıraraq, bunun yalnız Avropa Parlamentinin deyil, bütövlükdə Avropa İttifaqı bürokratiyasının məsuliyyəti olduğunu qeyd edib.

Aktual.ge xəbər verir ki, Baş nazir Kobaxidze məsələ ilə bağlı açıqlamasında aşağıdakı fikirləri səsləndirib:

“Bu, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi yeddinci və tamamilə utancverici qətnamədir. Hesab edirəm ki, bu məsuliyyət yalnız Avropa Parlamentinə deyil, həm də Avropa İttifaqının bürokratik strukturlarına aiddir. Gürcü xalqının şantaj edilməsi – yalnız ona görə ki, ‘Milli Hərəkat’ hakimiyyətə qaytarılmadı – olduqca utancverici və qəbuledilməz haldır. Xalqın bu səbəbdən təzyiqlərə məruz qalması sadəcə olaraq ayıbdır.”

Baş nazir həmçinin bildirib ki, Gürcüstanda 2004–2012-ci illərdəki hakimiyyət dövründə baş verən hadisələrə – işgəncələr, reket halları, media azadlığının boğulması və ərazi güzəştlərinə – susqun yanaşan bəzi Avropa bürokratları və postsovet siyasətçilər indi “utancverici dildə” danışaraq qətnamələr qəbul edirlər.

“Həmin dövrdə baş verən qanunsuzluqlara göz yuman şəxslər bu gün Gürcüstana qarşı ittihamlarla çıxış edirlər. Bu, nə obyektiv yanaşma, nə də ədalətli siyasətdir,” – deyə İrakli Kobaxidze vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey